Misir və Türkiyənin Danimarkadakı səfirlikləri qarşısında keçirilən aksiyada növbəti dəfə Qurani-Kərimin nüsxələri yandırılıb.
Stopnarkotik.az xəbər verir ki, dünya müsəlmanlarını qəzəbləndirən, Danimarka və İsveçdə son həftələrdə keçirilən analoji aksiyalardan sonra çərşənbə axşamı günü Misir və Türkiyənin Kopenhagendəki səfirlikləri qarşısında İslam əleyhdarı olan bir qrup radikal millətçi Quran kitablarını yandırıb.
Danimarka və İsveç hökumətləri öz növbələrində İslamın müqəddəs kitabının yandırılmasını pisləyərək bundan təəssüfləndiklərini, lakin söz azadlığını qoruyan qanunlar çərçivəsində həmin aksiyaların qarşısını ala bilməyəcəklərini elan edib.
“Bu təxribatçı və rüsvayçı hərəkətlər Danimarka hökumətinin fikirlərini əks etdirmir. Hamını deskalasiyaya çağırırıq, zorakılıq heç vaxt cavab olmamalıdır”, - deyə Danimarka hökumətinin saytında yerləşdirilən müraciətdə vurğulanıb.
Buna baxmayaraq, daha əvvəl keçirilən analoji aksiyalar nəticəsində İraqla İsveç və Danimarka arasında münasibətlər gərginləşib. Türkiyə rəsmiləri də hadisəni Qurana qarşı "alçaq hücum" adlandırıb. Əlcəzairdə isə Danimarka səfiri və İsveçin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.
Qətər mediasında yayılan məlumata görə, ölkənin ən böyük bazarı - Souq Al Baladi etiraz əlaməti olaraq İsveç məhsullarını satışdan yığışdırıb. Öz növbəsində Misir XİN Danimarka səfirini çağıraraq ona etiraz notası təqdim edib.