Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Sübhan Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Sübhan Əliyev paytaxtın Yasamal rayonu, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı “Ağ Çiçəyim” mağazasının yanında quraşdırılmış bankomatından zərərçəkmiş Lamiyə Əsədovanın (şərti) pul çıxararaq çantasına qoymasını görüb. Daha sonra qadın yaşayış binası istiqamətinə yollanıb və bu zaman təqsirləndirilən şəxs də onu izləyib. Lamiyə binanın blokuna daxil olaraq, pilləkənlə yuxarı qalxmağa başlayıb. Sübhan da onun arxası ilə gedib və 2-ci mərtəbədə qadına yaxınlaşıb. O, Lamiyə Əsədovanın çiynindən asdığı çantadan tutaraq dartıb. Qadın isə çantasını əlindən buraxmayıb. Daha sonra Sübhan ona basqın edərək yenidən zor tətbiq edib çantanı ələ keçirməyə çalışıb. O, zərərçəkmiş şəxsi yerə yıxıb sürüyüb və əlində tutduğu 40 manat dəyərində əl çantasını, onun içərisində olan 787 manat pulu, şəxsiyyət vəsiqəsini, maaş kartını, dəyəri 300 manat olan “Samsung Galaxy J3” markalı mobil telefonunu, həmin telefonun içərisində olan 5 manat dəyərində olan sim kartı ələ keçirib. Sübhan Əliyev zərərçəkmiş şəxsə ümumilikdə 1 132 manat maddi ziyan vurmaqla quldurluq edib. Məhkəmə istintaqında Sübhan Əliyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, maddi vəziyyəti pis olduğuna və pula ehtiyacı olduğuna görə o, qadının əl çantasını dartıb götürərək hadisə yerindən uzaqlaşıb. Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən peşmandır. Həmçinin o deyib ki, hadisə zamanı Lamiyə Əsədovanın əl çantasını götürmək istəyən zaman onun qolundan tutaraq dartıb yerə yıxmayıb və zərərçəkmiş şəxsi yerdə sürüməyib. Zərərçəkmiş Lamiyə Əsədova məhkəmədə dindirilən zaman söyləyib ki, Bakı Slavyan Universitetində müəllimə işləyir. Hadisə baş verən gün müəllimlərin əməkhaqqısının köçürüldüyü gün olub.