"Bizi Rusiya ilə sonsuz müharibə gözləyir"- Keçmiş NATO baş katibi

NATO-nun keçmiş baş katib Anders Foq Rasmussen Ukraynanı havadan müdafiə etməyə, "Taurus" və "Tomahawk" raketlərinin təmin edilməsinə çağırıb.

O hesab edir ki, əgər Avropa Ukraynadakı strategiyasını dəyişdirməsə və Rusiyaya təzyiqi kökündən artırmasa, müharibə "sonsuz" ola bilər və hücuma məruz qalan ölkə tədricən ərazi itirəcək.

Rasmussen "The Guardian" qəzetinə verdiyi müsahibədə bildirib ki, Avropa atəşkəs razılaşdırılana qədər Ukraynaya qoşun yerləşdirməli, həmçinin Ukrayna infrastrukturunu qorumaq üçün onun ərazisində raket və pilotsuz təyyarə qalxanı yaratmalıdır.

"Biz Ukrayna xalqına Rusiya raket və PUA-larını vurmağa kömək edəcək hava qalxanı qurmaqla özlərini qorumağa kömək etməliyik. Ukrayna ilə həmsərhəd olan NATO ölkələri NATO-nun hava və raketdən müdafiə sisteminə ev sahibliyi edə bilərlər", deyə o bildirib.

2009-cu ildən 2014-cü ilə qədər ittifaqa rəhbərlik etmiş Rasmussenin sözlərinə görə, əgər Polşa və NATO-nun şərq cinahındakı digər ölkələr belə havadan müdafiə sistemlərini yerləşdirsələr, Rusiya onlara hücumun bütün bloka hücum demək olduğunu başa düşəcək. 

Stopnarkotik.az