“Biz toxunduğumuz qədər insanıq...” - MÜSAHİBƏ / II HİSSƏ

Hüseyn Həsənov: “Bugünkü dünyanın quruluşu insanları öncə bədbəxt edib, sonra xoşbəxtlik satmaq üzərində qurulub”

“Adəmdən bu günə xoşbəxtliyin, hüzurun dalınca qaçırıq”

“Valideynlərin verdiyi dəyərlər uşaqların düşüncə tərzini formalaşdırır”

“Həyatda ən çox inandığım və uşaqlara ən çox aşılamağa çalışdığım şeylərdən biri də əməkdir”

“Bir şey etmək üçün bütün şərt və şəraitin tam olmasını gözləməyə ehtiyac yoxdur...”

Müsahibimiz pedaqoq, psixoloq Hüseyn Həsənovdur. O, “Stop narkotik”ə öz uğur hekayəsini danışıb. Buyurun, oxuyun.

(Əvvəli bu linkdə: https://stopnarkotik.az/az/ozum-kohln-hyati-arzulayiram-musahib-i-hiss…)

“Kim ki, həqiqətən istəyir, o adam bacarır”

- Bu yola başlayanda sizə daha çox güc verən nə oldu: imkanlarınız, yoxsa özünüzə olan inamınız?

- Bu yola girərkən birinci inancım inandığım doğrular idi. İnandığım bir doğru var idi ki, cəmiyyətdə bunları etmək lazımdır, biriləri bunları etməlidir. Hə, ola bilər ki, ikinci planda özünəinam olub. İnancım ki, bu yolda nəsə edə bilərəm. Çünki bir şey etmək üçün kifayət qədər istəmək lazımdır.

Mən ingilis dili müəllimiyəm və kursa gələn-gedən çox tələbə görürəm. Vaxtilə öz şəxsi tələbələrim də olub. Kim ki, həqiqətən istəyir, o adam bacarır. O, vaxt da, pul da, enerji də tapır. İnanmayanda, istəməyəndə onun vaxtı olmur, ev tapşırığı, kitab, oxumaq, dinləmək istəmir. Bunlar üçün də kifayət qədər bəhanə tapa bilir. Yəni istəmək hər şeyin özüdür. Ümumiyyətlə, bu bir seçimdir. Həyatda heç bir şeyi dəyişmiriksə, demək, mövcudu seçirik. Dəyişiriksə, demək, yenini seçirik.

Mənim də inandığım doğrular var idi. İnanırdım ki, mən də nəsə edə bilərəm. Amma nə qədər edə biləcəm, bu, mənim hesabım deyil, mən bacardığım qədərini edəcəm.

Şagirdlərim də nəyisə bacarmayıb ağlayanda soruşurdum ki, sən əlindən gələni etdin? Deyirdi ki, hə. Dedim ki, sən artıq uğurlusan. Sənin üzərinə düşən əlindən gələni etməkdir. Yəni bizim üzərimizə düşən o toxumu əkməkdir. Mən deyə bilmərəm ki, bu bitkini bitirəcəm. Mən deyə bilərəm ki, bu toxumu əkə, suyunu da verə bilərəm. Bitər, bitməz, o artıq təvəkküldür.

“Heç bir işimdə kommersiya tək məqsəd olmadı”

- “Edulance” təhsil mərkəzini yaradanda məqsədiniz nə idi: sadəcə bir təhsil ocağı, yoxsa insanlara yaxın bir məkan qurmaq?

- İlk öncə onu deyim ki, “Education Lans” adını bizim Rəşad Baxışov qoymuşdur. Nelson Mandelanın bir sözü var, deyir ki, dünyanı dəyişmək üçün istifadə edəcəyiniz ən böyük silah təhsildir, elmdir. “Edulans” adı oradan gəlir. Mərkəzin açılma səbəbi, əslində, birinci müəllimlərin təlimləri idi ki, belə bir mərkəz açaq, müəllimlərə təlim verək və onu da etdik. Amma zamanla o daha kiçik bir parça kimi qaldı, daha çox ingilis dili tədrisinə və fərqli-fərqli təlimlərə keçdik.

Əlbəttə, bir mərkəz açırsansa, iş qurursansa, kommersiya məqsədi var. Amma heç bir işimdə kommersiya tək məqsəd olmadı və buna da şükr edirəm. Məqsəd yenə cəmiyyətə toxunmaq idi... Hətta beynimdə belə bir ad da var idi - “Human factory” (insan zavodu, insan fabriki). Gözümdə həmişə onu canlandırırdım ki, bura həmişə arı yeşiyi kimi qaynasın, sosial layihələrə yer lazımdırsa, gəlsinlər istifadə etsinlər. Beynimdə canlanan hal-hazırkı ofis deyil. Beynimdə canlanan şüşədən ofis idi, amma indiki divarlardandır. Doğrudur, yenə də bir çox sosial layihələrə ev sahibliyi edir. Odur ki, həmin məqsədlərə müəyyən qədər çatmış oldum.

“Sənin üzərinə düşən əlindən gələni etməkdir”

- Bir uşaq və ya yeniyetmə müəllimini niyə sevir, ona niyə inanır? Sizcə, yaxşı pedaqoqun ən vacib xüsusiyyəti nədir?

- İnanmaq üçün həmin uşaq, ya da o tələbə görməlidir ki, qarşı tərəf onu görür. Görüldüyünü görən uşaq artıq ona güvənir, deyir ki, o məni, mənim hər halımı görür. Görürsə, demək, müdaxilə edəcək. Çünki görmək özü bir istəkdir. Mən dərsə girirəm və qarşıma sadəcə ingilis dili keçməyi məqsəd qoymuşamsa, uşağın yaşadığı hissləri, duyğuları görmək məqsədilə etməmişəmsə, zatən görməyəcəm. Niyyətlənmişəmsə görürəm. Bu gördüyümü o da görür, ondan sonra güvənməyə başlayır.

Ümumiyyətlə, müəllimlə pedaqoqu ayırıram. Sadəcə, ingilis dili öyrədən adam müəllimdir, ərəbcədən gələn sözdə “elmə örtünən adam”dır. Amma pedaqoq bir az daha geniş ifadədir. Pedaqoq toxunandır. O, uşağın ingilis dili bacarığı, riyaziyyat bacarığından əlavə, duyğu halı necədir, evdə nə kimi problemləri var, bəlkə də hamısını həll edə bilməyəcək, amma ən azından anladığını göstərir. Mən ona qrammatika öyrədirəm. Bəlkə də hazırda o qrammatika onun heç vecinə deyil. Yəni o halda deyil. Hər birimizin o halımız var. Yəni biz yetişkinlər, biz oxumuşlar, ağıllılar, uşaqlardan üstünlər, bizim də elə hallarımız var ki, onda nə iş vecimizədir... Dünya dağılsa da vecimizə olmayan hallarımız olur. O körpə uşağın da, o körpə ruhun da o halları ola bilir. Bir pedaqoq bunu görmürsə, artıq bitdi. Bunu görürsə, uşaq da onun gördüyünü görür. Uşaq o zaman özünü ora buraxır ki, görür, sinfin qaydaları, qanunları var, o, orada qorunur, heç kəs onu zorbalaya bilməz, istər fiziki, istər mənəvi olaraq. Yəni bunun özü də görməkdir. Əgər o uşaq tənəffüsdə ayağa durub başqalarına qarışmırsa, indi bunu deyəndə qəhərlənirəm, bəzi mənzərələr gözümün qabağına gəlir, o müəllim onu görməlidir. Bilməlidir ki, uşaq niyə qarışmaq istəmir, nədən çəkinir?! Müəllimin onu görməsi lazımdır. Gördüyü zaman uşaq ona güvənir, bilir ki, bu adamın olduğu yerdə ona zərər toxunmaz.

“Həyatda heç bir şeyi dəyişmiriksə, demək, mövcudu seçirik”

- Bugünkü Hüseyn Həsənovu formalaşdıran əsas həyat dərsi nə olub?

- Mən deyərdim ki, burada müəllimlərimin cəmiyyət formalaşdırmaq adına etdikləri fədakarlıqlar çox böyük rol oynayıb. Bu duyğu, düşüncə ilə tələbəlik həyatına başlayanda orada gördüyüm bütün sosial fəaliyyətlərə qoşulmağa çalışdım. Əlbəttə, bunların hamısı könüllü idi. Burada mən pul qazanmırdım. Bugünkü könüllülüklərə qoşulan insanlara və yaxud könüllülüyə dəvət edən insanlara pis baxılır ki, insanları pulsuz işlədirsiniz. Amma oranın qazandırdığı qabiliyyətləri, bacarıqları heç bir yer, heç bir məktəb, heç bir kitab vermir. O yoldan keçmək lazımdır. Hər kəs oradan keçməlidir. Mənə də yəqin bugünkü Hüseyni qazandıran odur.

- Uğur bir rəng olsaydı, sizin üçün hansı rəng olardı? Bir musiqi olsaydı, necə səslənərdi?

- Uğur çatılan bir nöqtə deyil. Ümumiyyətlə, çatıldığı zaman - “uğurlu oldum” deyiriksə, bu, özü uğursuzluqdur. Paolo Koeylonun “Kimyagər” adlı bir kitabı var. Orada yəhudi ilə bir müsəlman söhbətləşir. Müəslman davamlı deyir ki, mən pul yığıram, Həccə gedəcəm. Bir gün yəhudi deyir ki, sən kifayət qədər yığdın, niyə getmədin? Müsəlman cavab verir ki, tam gedəcəkdim, baxdım ki, Həccə getsəm, sonra bu həyatda mənim heç bir xəyalım, heç bir məqsədim qalmayacaq, məqsədsiz, xəyalsız yaşamaqdan qorxdum. İndi dini yöndən baxsan, o, əslində getməli idi. Həcc ibadəti fərzdir. Amma bizə verilən dərs, verdiyi mesaj odur ki, bəli, məqsədsiz olmaz. Əsas olan səfərdir. Elə yolun özü, sevdiyin yolda olman, doğru yolda olman, sənin doğruların, bunlar elə uğurdur.

“Gənclər sosial şəbəkədən bacardıqca uzaq qala bilsələr, yaxşı olar”

- Sizcə, bu gün gənclərin qarşısındakı ən böyük təhlükə nədir? Onlar özlərini nədən qorumalıdır?

- Ümumiyyətlə, dövrləri qarşılaşdırmağı sevmirəm. “Bizim dövrümüz çətin idi, sizin dövrünüz asandır...”, - deyə illah da qarşılaşdırası olsaq, bu uşaqların dövrü daha çətindir. Biz çox da minnət qoymayaq uşaqlara. Niyə? Çünki bizim dövrdə bizim məqsəddən yayındıran, doğrudan yayındıran, bizi pozacaq, bizə pis vərdişləri əldə etdirəcək ehtimallar çox az idi, əlçatan deyildi. Bu gün üçün peşələr də, pis vərdişlər də, pis vərdişlərə çatmanın yolları da çoxdur. Hələ onların diqqətini dağıdacaq çox şey var. Deyərdim ki, sosial şəbəkədən bacardıqca uzaq qala bilsələr, yaxşı olar. Amma bu, çox da inandırıcı deyil. Məncə, mentor tapmalıdırlar. Əslində, gənclər bu dövrdə baş çıxarda bilirlərsə, bəlkə də başları bizdən yaxşı işləyir. Oturub fikirləşsələr ki, mən nə istəyirəm, hara getmək, necə formalaşmaq istəyirəm, ola bilər, nümunə götürmək istəyərlər ki, bu adam xoşuma gəlir, necə olub görəsən və s. Düzdür, bu da çox izafidir. Yəni çox rahat pul qazanan bir bloger də onlar üçün ideal insan görünə bilər. Mənə elə gəlir ki, burda valideynlərin verdiyi dəyərlər o uşaqların düşüncə tərzini formalaşdıracaq. Valideynlər onlara doğru dəyərləri aşılayırsa, bu uşaq o blogerlərin arxasınca getməyəcək.

Bu arada, sözsüz ki, blogerlərin hamısı elə deyil, faydalıları da var.  Odur ki, məncə, gənclər hüzurlu olan, xoşbəxt olan insanlarla danışmalıdırlar.

“Nəticəyə köklənməməliyik, bizim işimiz toxum əkməkdir...”

- Bəs, gələcəyə, həyata inancını itirmiş bir gəncə deyəcəyiniz nə ola bilər?

- Həyata inancını itirmiş bir gəncə deyə biləcəyim birinci şey o ola bilər ki, yaşlı insanlar da həyata inancını itirə bilər. Ümumiyyətlə, insan övladı Adəmdən bu günə bir şeyin arxasınca qaçır. O da xoşbəxtlikdir, hüzurdur. Bugünkü dünyanın quruluşu insanları öncə bədbəxt edib, sonra xoşbəxtlik satmaq üzərində qurulub. Məncə, ümidimizi nə qırır, ona baxmalıyıq. Gənclər ona baxmalıdır. Ümidsizliyi hər birimiz hər an yaşaya bilərik. Mən də, bayaq dediyim kimi, xoşbəxt olsam da bu duyğuya düşürəm. Amma qalxa biləcək, tuta biləcək sağlam budaqlarım var. Məncə, biz ona baxmalıyıq ki, məni ümidsizliyə nə saldı, mən nədən ümidsizliyə düşdüm, niyə filankəs kimi ola bilmədim? Bəs, olmalıyam? Yox! Bu qaydanı kim qoyub ki? Standartı qoyan kimdir? Mənə filan şeyi satan filankəsdir. Demək ki, mən onun qoyduğu standartla getməməliyəm. Məncə, biz ümidsizliyə düşəndə birinci ona baxmalıyıq ki, məni ümidsizliyə salan şey nədir.

Mənim bu həyatda ən çox inandığım və uşaqlara ən çox aşılamağa çalışdığım şeylərdən biri də əməkdir. Misal üçün, uşaqları düşərgələrə aparırıq, 3-5 gün qalırlar, 3-5 gün qalmağa göndərə bilməyən valideynlərin övladlarını bir günlük aqroekskursiyalara aparırıq ki, uşaq gedib orda meyvə dərsin, yerdəki budaqları yığsın, yer belləsin, ağac əksin və s. Yəni ortaya əmək qoysun. Bu həyatda ən çox inandığım və ən çox dəyər verdiyim şey əməkdir. Uşaqlara və gənclərə aşılamağa çalışdığım şey odur. Əmək varsa, əsla boş qayıtmaz. Bir şeyi istəyiriksə, ayağa durub iş görməliyik. Bizi ayağa qaldıran şey motivasiyadır. Disiplin davam edən bir şeydir.

Bayaq siz də vurğuladınız, mən hazırda ağırlıqqaldırma idmanı ilə məşğul oluram, eyni zamanda velosiped sürməyə çalışıram. Mən həftənin 3 günü hər dəfə ora xoşbəxt halda, sevərək getmirəm. Bəzən ayağımı sürüyə-sürüyə gedirəm. Amma gedirəm. İbadət də o şəkildədir. Məsələn, bilirk ki, ibadət fərzdir, etməliyik, amma - namazı gündə 5 dəfə eyni hüzurla qılıram - desəm, bu riyakarlıq olar. Elə deyil. Bəzən onu etməliyəm deyə durub edirəm ki, ora bir quş qoyum, günorta namazını da qıldım. Amma ondan sonra gələn xoşbəxtlik möhtəşəm bir hissdir. Yəni düşmədim, axsamadım, üzərimə düşəni etdim.

Dediyim kimi, idmana gedəndə də bəzən ayağımı sürüyə-sürüyə gedirəm, ordan çıxanda quş qoyum ki, bu gün üzərimə düşən işi tamamladım. Bu, ümiddir. Orada artıq ümidim qırılmır. Niyə? Çünki baxıram ki, etdikcə alınır. Etdikcə daha yaxşı olur. O qoyduğumuz əmək kərpic kərpic istədiyimiz divarı, sonra ikincini, sonra üçüncünü, dördüncünü tikəndə, üstünə bir dam qoyanda, artıq bir ev olur. Ona görə, ümidimizi nə qırır, ona baxmalıyıq. Sonra da ayağa durub üzərimizə düşəni etməliyik. Biz nəticəyə köklənməməliyik. Bizim işimiz toxum əkməkdir...

“Biz toxunduğumuz qədər insanıq...”

- Daim öyrənmək, çalışmaq və öz üzərində işləmək insana ən böyük hansı qazancı verir?

- Çatmaq istədiyim “qızıl alma” haqda danışdım. Ümumiyyətlə, buna yenə inancımdan cavab versəm, ümid edirəm ki, narahatlıq olmaz. Əlbəttə, mənim müsəlman olaraq bu həyatdakı məqsədim Allahın rizasını qazanmaq, Onun rizası doğrultusunda yaşamaqdır.  Təbii ki, onun alt başlıqları var. Sözsüz ki, faydalı olmaq. Mənim “qızıl almam” maksimum faydalı olmaqdır.

Mən din adamı deyiləm. Amma insan axirətə inanmırsa belə, bu dünyanı gözəl yaşaya bilər. Düşünürəm ki, insanı formalaşdıran 3 şey var: bədən - fiziki halımız, ruhumuz və mentalımız - düşüncələrimiz. Bu üçü də gözəlləşdiyi zaman biz xoşbəxt insan oluruq. Yəni ən üst versiyamıza çıxmaq üçün. Çünki insan daha yuxarıya çıxacaq varlıqdır. Biz daha sağlam bir fizikaya sahib ola bilərik. Xoşbəxt, huzurlu bir ruha sahib ola bilərik. Və çox yaxşı rahat bir düşüncəyə sahib ola bilərik. Mental cəhətdən də çox rahat ola bilərik. Bunun üçün də üzərimizdə işləməliyik.

Mən hazırda özümü inkişaf etdirməyə çalışıram. İnkişaf etdirdikcə yaxın ətrafıma da toxunmağa çalışan bir insanam. Mən əsla demirəm ki, bu üç yöndən də idealam, artıq tamamlandım, bir az da siz düzəldin. Bunu da gözləməmək lazımdır. Əsgərlikdə öyrəndiyim ən önəmli şeylərən birisi də buydu. Çox şey öyrənmədim, amma öyrəndiyim əsas şeylərdən biri bu idi - bir şey etmək üçün bütün şərt və şəraitin tam olmasını gözləməyə ehtiyac yoxdur. Çünki şərtlər və şərait heç vaxt tam olmayacaq. Durub hərəkət etmək lazımdır. Mənim də “qızıl almam” odur. Yəni cəmiyyətin, daha çox insanın gözəl yaşaması.

İnandığım, tez-tez dediyim bir söz var: “bir insan bir insan deyil”. Bəs nə deməkdir, bir insan neçə insandır? Düşünürəm ki, biz toxunduğumuz qədər insanıq. Min nəfərə toxunuruqsa, min nəfərik. Bir milyon nəfərə toxunuruqsa, bir milyon insanıq. Bununla bağlı çox gözəl bir ifadə var. Deyirik ki, məqsədi milləti olanın özü təkbaşına millətdir. Yəni mənim məqsədim on milyonluq bir Azərbaycandırsa, əlbəttə, mən heç vaxt 10 milyona toxuna bilməyəcəm, ömrümün heç bir vaxtında 10 milyon məni tanımayacaq, belə bir məqsədim də yoxdur. Yəni, qarışqa misalı, toxuna bildiyim qədər su aparıram. Alovu söndürməz, amma ən azından safımı, yerimi, tərəfimi bildirmiş olaram. Amma yəqin o bir damcı da nəyəsə çatar.

Düşünürəm ki, toxunabildiyimiz insanların özləri də bir insan deyil. Onların bugünkü ailələri, ətrafı, sabah quracaqları ailə, ordakı ətrafı - onlar da çox insana toxunacaq. Bir şam kimi. Necə ki, şam sadəcə özünü yox, ətrafı da aydınladır. 

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az