Polkovnik-leytenant: “Biz hər bir vətəndaşımızı cəmiyyətə qazandırmalıyıq”
“Məktəblərdə keçirilən görüşlərin, “Narkomaniyaya yox deyək”, “Vətənpərvər Azərbaycan gəncliyi”, “Sağlam gənclik, sağlam gələcək” devizləri ilə keçirdiyimiz kütləvi tədbirlərin hər birinin məqsədi yeniyetmə və gənclərin həm mənəvi-psixoloji hazırlığıdır, həm də zərərli vərdişlərdən uzaq tutulmasıdır”
Müsahibimiz Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xdimətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılovdur. Onunla müsahibədə narkotik asılısı olan çağırışçı gənclərə möhlət hüququnun verilib-verilməməsi, eləcə də yeniyetmə və gənclərimizin vətənpərvərliyi mövzusunda bir sıra suallara cavab tapmağa çalışmışıq.
(Əvvəli bu linkdə: “Qalib orduda əsgər olmaq hər kəsə nəsib olmur”)
- Füzuli müəllim, təəssüflə qeyd edirik ki, xüsusilə də 44 günlük Qarabağ savaşından sonra ölkəmizə qarşı müəyyən qüvvələr tərəfindən açılan “narkotik savaşı” da çox ciddi fəsadlar verməkdədir. Zərər çəkən şəxslərin bir qismi yeniyetmə və gənclər, yəni çağırışçılardır. Bu problem hərbi xidmət prosesinə necə təsir göstərir?
- Bu da çox ağrılı məsələdir. Bu istiqamətdə hətta bircə nəfər olsa belə ağrılıdır. Bircə nəfər belə həmin zərərli vərdişin qurbanına çevrilsə, bizim üçün çoxdur. Çünki biz hər bir vətəndaşımızı cəmiyyətə qazandırmalıyıq. Doğru vurlğulayırsınız ki, Vətən müharibəsindən sonra bizi istəyən dost ölkələrlə yanaşı, bizi istməyən kifayət qədər qüvvələr var ki, onlar Azərbaycan gənclyinin 2020-ci ildəki cəsarətini, cəsurluğunu, şücaətini görəndən sonra müxtəlif yollarla müdaxilələr edərək, onlara həm fiziki, həm psixoloji-mənəvi baxımdan təsir etmək istəyir. Bu, inkarolunmazdır. Bu gəncləri fiziki mənada zərərli vərdişlərə cəlb etməyə çalışırlar. Bundan ötrü müxtəlif yollara əl atırlar, cəhdlər edirlər.
Eyni zamanda, artıq dünya hörümçək torundadır, ovcumuzun içindədir. Hər kəsin əlində mobil telefon var. Oradan da mənəvi-psixoloji təsir etmək istəyirlər. Amma bu işdə hər bir kəsin üzərinə məsuliyyət düşür. Təkcə dövlət qurumlarından nə isə gözləmək lazım deyil. Hər birimiz bu istiqamətdə gənclərimizlə, yeniyetmələrimizlə iş aparmalıyıq. Gənclərimiz cavandır, yeniyetmə yaşlarındadır, o təsirə düşmək ehtimalları çoxdur. İstər fiziki mənada zərərli vərdişlərə yönəldilmək baxımından, istər mənəvi-psixoloji mənada. Hansı ki, təkrar vurğulayıram, dünya hörümçək torundakı proseslərdə gizlənir. Onlar üçün çox rahatdır, əlçatandır. Deyim ki, həyəcanlı vəziyyət də deyil, amma arxayınçılıq üçün də əsas yoxdur. Bu nöqteyi-nəzərdən də biz mütləq qaydada bu istiqamətdə öz işimizi aparmalıyıq.
Hərbi xidmətə təsirinə gəldikdə, demək olar ki, onun elə bir təsiri yoxdur. Düzdür, hərbi vəzifə və hərbi xidmət haqda qanunun 15.1-1-ci maddəsində də qeyd olunur ki, narkomanlığın erkən profilaktikası məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilməsi təmin edilir. Vurğulamaq istəyirəm ki, elə də bir ciddi rəqəmlər aşkarlanmayıb. Amma təkrar edirəm ki, hətta bir nəfər aşkarlansa belə, o da çoxdur.
Şübhəsiz ki, belə hal aşkarlandıqda əlavə tibbi müayinə edilə bilər. Əlavə tibbi müayinəyə göndərilib, aidiyyəti üzrə bu barədə təlimat verilir.
- Etiraf etməliyik ki, bəzi çağırışçılar psixolji və mənəvi baxımdan hərbi xidmətə hazır olmurlar. Bu gənclərlə psixoloji iş aparılır, yoxsa onlar belə desək, hərbi xidmət zamanı “bişirlər?”
- Suallarınıza görə təşəkkür edirəm, maraqlı məsələlərə toxunursunuz. Əlbəttə, bəs, Çağırışa qədərki hazırlıq idarəsi onun üçün var. Bizim idarənin də adı elə Çağırışa qədər hazırlıq idarəsidir. Bizim işimiz onlarla elə çağırışa qədər işin aparılmasıdır. Bu istiqamətdə bir məqamı vurğulayım ki, respublikanın ayrı-ayrı rayonlarında yeniyetmələrlə, gələcəyin əsgərlərilə biz hər ay görüşlər keçiririk, onlarla izahedici söhbətlər aparırıq, fikirlərini öyrənirik. O nöqteyi-nəzərdən onların hazırlıq işi Xidmət olaraq bizim də diqqətimizdədir. Eyni zamanda, həm də Xidmətin vəzifəsidir. Şübhəsiz, digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, veteran təşkilatların hər birinin də diqqətindədir. Onlarla iş aparılır. Amma yeniyetmələrin bu istiqamətdə mənəvi-psixoloji hazırlığının əsas yükü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə düşür ki, bizim xidmətin strukturuna daxil olan qurumlar, yəni yerli baş idarə, idarə, şöbə və bölmələrində onlarla mütəmadi olaraq iş aparılır. Məktəblərdə keçirilən görüşlərin, “Narkomaniyaya yox deyək”, “Vətənpərvər Azərbaycan gəncliyi”, “Sağlam gənclik, sağlam gələcək” devizləri ilə keçirdiyimiz kütləvi tədbirlərin hər birinin məqsədi yeniyetmə və gənclərin həm mənəvi-psixoloji hazırlığıdır, həm də zərərli vərdişlərdən uzaq tutulmasıdır.
Sizə bir nümunə danışım. Biz görüşlərə gedən zaman İsmayıllı rayonundakı görüşümüzdə Vətən müharibəsi qəhrəmanı, hazırda Naxçıvanski adına hərbi liseyin rəisi polkovnik Anar Mirzəyev iştirak edirdi. Həmin məktəbin də məzunu idi. Anar müəllim Vətən müharibəsində çox ciddi yaralanmışdı və orada öz çıxışında bir məsələni şagirdlərin diqqətinə çatdırdı: Anar müəllim yaralanır və bir neçə gün komada qalır. Komadan ayılanda həkimlərin sualı bu olur ki, siqaret çəkirdinizmi? O deyir ki, xeyr, siqaret zərərli vərdişdir, heç vaxt siqaret çəkməmişəm. Həlkimlər deyir ki, siz o cür yaralanmısınız, komadan ayılmağınıza bax o siqaret çəkməməyiniz kömək oldu. Siqaret çəksəydiniz o cür ağır travmadan, bu cür komadan ayılmaq çətin olacaqdı. Anar müəllim özü yaşamış canlı nümunə kimi bunu bizim gəncliyin diqqətinə çardırdı. Məncə, bundan təsirli söz yoxdur. Canlı olaraq özü yaşadığını bölüşməkdən təsirli söz yoxdur.
Mən demək olar ki, bütün görüşlərdə bunu misalı çəkirəm. Təbii ki, bütün görüşlərə Anar müəllim bizimlə gedə bilmir. Amma mən cənab polkovnikin bu fikrini bütün gənclərimizə çatdırıram. İnsan öz başına gələni danışır, burda hansısa hekayə uydurulmur. O nöqteyi-nəzərdən də gənclərlə iş apararkən biz mütləq qaydada “Sağlam gənclik, sağlam gələcək” deyirik. Nəyə görə? Biz silahlı qüvvələrin keyfiyyətli komplektləşdirilməsini aparırıq. Bilirsiniz ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əvvəllər hərbi komissarlığın bazasında 2012-ci il fevralın 13-də cənab Prezidentin fərmanı ilə yaradılıb. Və onun funksional vəzifəsi ondan ibarətdir ki, dinc dövrdə silahlı qüvvələrimizin müddətli həqiqi hərbi xidmət qulluqçularının, müharibə dövründə hərbi vəzifəlilərin mülki əhali və nəqliyyat vasitələri ilə təminatını həyata keçirməlidir. Və digər funksional vəzifələr də var, mən əsas məqamlara toxunuram. Bu nöqteyi-nəzərdən də silahlı qüvvələrin təkcə say yox, həm də keyfiyyətlilik komplekti var. Bax, o keyfiyyətli komplektləşmə həm də bizim yüksək bilikli, yüksək təhsilli gənclərimizdir. Mütləq qaydada biz onların hər biri ilə o işi aparırıq.
Mən qürur hissi ilə demək istəyirəm ki, dövlət proqramı ilə Böyük Britaniyada çox nüfuzlu bir universitetə qəbul olmuş bir tələbə dostumuz – hələ 1-ci kursda oxuyur - atası vasitəsilə müraciət edib. Gələcəkdə hərbi xidmət üçün sualları soruşur. Mən soruşuram ki, bizim cavan dostumuz neçənci kursda oxuyur. Düşünürəm ki, yəqin sonuncu kursdadır. Atası deyir ki, birinci kusdadır. Deyirəm ki, maşallah olsun, adam Britaniyada birinci kursda təhsil alır, amma onu bir neçə il sonrakı hərbi xidmətlə bağlı suallar maraqlandırır. Bu sevinməli haldır. Bax, bu, keyfiyyətdir. Keyfiyyətli komplektləşdirmə deyərkən, biz fəxr edirik ki, o cür ali təhsilli gənclər sabah bizim silahlı qüvvələrimizin əsgəri olacaq, hərbi xidmət keçəcək. Bu məsələlər gənclərimizə bir örnək veriləcək nümunələrdir. Sağ olun ki, belə bir mövzuya diqqət ayrımısınız. Elə bunun özü də gəncliyə mənəvi-psixoloji dəstək məqsədilə lazımlı bir məsələdir.
- Qeyd etdiyiniz məsələ həqiqətən də çox sevindiricidir. Az əvvəl onu da qeyd etdiniz ki, gənclər narkotiklə bağlı həkim yoxlanışından keçirlər. Bəs, ümumiyyətlə belə hal aşkarlanarsa, qanun müstəvisində necə həll olunmaldır? Həmin gəncə möhlət hüququ verilir?
- Bir daha təkrar edirəm ki, hərbi xidmətə çağırış və hərbi xidmət qanunvericiliklə tənzimlənir. Qeyd etdiyimiz kimi, hərbi vəzifə və hərbi xidmət haqqında qanunda öhdəlik müəyyən olunmuşdur ki, çağırışçılar narkoloji dövlət tibbi müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilir. Və əgər bu aşkarlanarsa mütləq qaydada əlavə müayinəyə göndərilir, aidiyyatı üzrə məlumat verilir. Əlavə müayinəyə göndərildikdən sonra artıq həkim rəyindən asılı olaraq onların möhlət məsələləri müəyyən edilir. Yəni mütləq qaydada həkim rəyi burada son sözü deyir.
- Füzuli müəllim, biz artıq ərazi bütövlüyümüzü bərpa etmişik və qarşıda bizi hansısa real müharibə gözlənilmir. Bu, belə bir qənaət formalaşdırır ki, çağırışçıların sayını azaltmaq üçün üçün müxtəlif tədbirlər görmək olar. Məsələn, pullu xidmət, yaxud qonşu Gürcüstanda olduğu kimi - 2 gün evdə, 2 gün hərbi hissədə olmaq və s. Bu haqda hansısa yenilik gözlənilirmi?
(Ardı var)
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az