Biləsuvarda təxliyyə olunan üç kəndin sakinləri evlərinə qaytarılıblar - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bolqarçay çayında Biləsuvar rayonunun bəzi kəndləri üçün qısamüddətli sel təhlükəsinin yaranması barədə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Bölgədə əməliyyat şəraiti qiymətləndirilib və aparılan təhlillər nəticəsində ehtimal edilən sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğanlı kəndlərinin sakinlərinin təxliyəsi barədə qərar qəbul olunub.

FHN-in qüvvələri Biləsuvar Rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon Polis Şöbəsi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə adıçəkilən kəndlərin əhalisini təhlükəsiz əraziyə təxliyə ediblər.

Operativ olaraq Bolqarçay çayı üzərində sel təhlükəsi aradan qaldırıldıqdan sonra təxliyyə olunmuş əhalinin yaşayış yerlərinə qaytarılması təmin olunub.