Bakıda narkotik satışında təqsirləndirilən şəxsin məhkəməsi başladı

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Çingiz Ağayevin cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Stopnarkotik.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı Orxan Mehdiyev işin məhkəmə baxışına verilməsini təklif edib.

Məhkəmənin baxış iclası sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ç.Ağayev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılıb. Ondan 1 kiloqramdan çox narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi üzrə ittiham elan olunub.

Xatırladaq ki, Ç.Ağayev dəfələrlə bu maddə ilə həbs edilib./report