Bakıda ata və oğulları qonşu arvadı yerə yıxıb təpiklədilər

Bakıda qadını döyərək xəsarətlər yetirən 54 yaşlı şəxsin məhkəməsi keçirilib.

Stopnarkotik.az news24az-a idtinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə 1969-cu il təvəllüdlü Nəsir İmranov Cinayət Məcəlləsinin 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, N.İmranov ailəsi ilə Səbail rayonu Mehdi Hüseyn küçəsindəki binada yaşayıb. Lakin onun qonşuluqda yaşayan Sevda adlı qadınla daimi mübahisələri olub.

Hadisənin baş verdiyi tarixdə isə Nəsir digər qonşular və oğulları ilə birgə həyətdə çərşənbə axşamı ilə əlaqədar tonqal qalayıbmış. Lakin Sevda oraya gələrək tonqalı söndürməyə, üzərinə vedrə ilə su tökməyə başlayıb. Bundan sonra qonşular arasında dava düşüb. Dava-dalaş zamanı yaşlı qadın vedrəni kişinin başına vurub. O isə təpiklə qadına zərbələr endirib. Nəticədə Sevda barmağının çıxığı və yerini dəyişmiş qapalı sınığı, alın nahiyəsinin qançırı, sağ dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları kimi xəsarətlər alıb.

Məhkəmədə Nəsir İmranov bildirib ki, hadisələrin baş verməsinə Sevdanın davranışları səbəb olub. O, qadının daim mübahisələr yaratdığını, qonşularla yola getmədiyini, qapının ağzına zibil atdığını deyib.

Sevda Əzizova isə qarşı tərəfi günahlandırıb: “Təxminən 10 il olar ki, qonşuluqda yaşayan İlqar kimi tanıdığım Nəsir və onun arvadı ilə müxtəlif səbəblərə görə mübahisələrimiz olub. Bunun əsas səbəbi Nəsir və onun arvadının dəfələrlə yaşadığım mənzilin qapısına zibil tökməsi, uşaqlarının nadinc hərəkətləri və yeni il bayramı zamanı pirotexniki vasitələrdən istifadə etməsi olub. Son hadisə baş verərkən paltar yuyub asmaq istəyən zaman qonşuluqda yaşayan Nəsir və onun ailəsinin tonqal qaladığını gördüm. Tonqalın ətrafında həmin vaxt Nəsir, beş uşağı və qonuşuluqda yaşayan digər şəxslər var idi. Onlardan paltar asdığımı deyərək tonqalı söndürməyi xahiş etdim, lakin əhəmiyyət vermədilər”.

Bundan sonra Sevda Əzizova vedrədə su götürərək həyətə düşüb: “Vedrənin içərisindəki suyu tonqalın üzərinə tökmək istəyən zaman Nəsirin 14 yaşlı oğlu əlindəki taxta parçası ilə vedrəyə zərbə vurub sındırdı. Heç nə deməyib evə qayıtdım, evdə olan ikinci vedrəni də su ilə doldurub təkrar bayıra çıxdım. Mən tonqalın yanına çatan zaman Nəsir və onun uşaqları üzərimə hücum çəkdilər. Nəsir nalayiq ifadələr işlədərək yumruqla sifətimə və sinəmə zərbələr vurdu. Zərbələrin təsirindən yerə yıxıldım. Buna baxmayaraq, onlar məni vurmağa davam elədilər. Daha sonra Nəsir saçımdan tutub məni yerdən qaldırdı və başımı divara vurdu. Həmin anda mən özümdən getdim”.

Zərərçəkmiş qadın deyib ki, onları qonşuluqda yaşayan şəxslər ayırıb. O, həmçinin onu döyən qonşusu ilə barışdığını və hər hansı şikayət və tələbinin olmadığını deyib.

Səbail rayon Məhkəməsinin hökmü ilə Nəsir İmranov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinib. Ona qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzası verilib.