Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı yeni mərhələ müəyyənləşdirilib.
Stopnarkotik.az trend-ə istinadən xəbər verir ki, sözügedən xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən həyata keçirilməsi planlaşdırılır.
Belə ki, Daxili İşlər Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə iyunun 1-dək xidmətlərin rəqəmsallaşdırılmasının mümkün mərhələlərini müəyyən etməli, bu istiqamətdə konseptual sənəd hazırlayaraq aidiyyəti üzrə təqdim etməlidir.
Həmçinin, iyulun 1-dək qeyd olunan xidmətlərin konseptual sənədə uyğun şəkildə rəqəmsallaşdırılması təmin olunacaq.
Bundan əlavə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə sentyabrın 15-dək xidmətlərin "mygov" platforması üzərindən istifadəyə verilməsini təmin etməlidir.