Azərbaycanda nə qədər narkoman var?

"Narkomaniyanın gənclər arasında artması böyük narahatçılıq doğurur. Təqdim edilən rəqəmlər real statistika deyil. Narkomanların əksəriyyəti özlərini gizlədir".

Stopnarkotik.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla 2021-ci ildə ilk dəfə narkomaniya diaqnozu qoyulan şəxslərin statistikasından danışarkən deyib. Professor hesab edir ki, cəmiyyətdə narkomanlara yanaşma düzgün deyil: 

"Narkotika istifadəçilərinə cinayətkar deyil, xəstə kimi yanaşmaq lazımdır. Xarici ölkələrdəki kimi narkomaniya ilə bağlı dövlət proqramı olmalıdır, yaxud da onlar İcbari Tibbi Sığorta çərçivəsində müəyyən vacib müalicə kursu almalıdırlar”. 

Ekspertin fikirincə, cəmiyyətdə narkomanlara qarşı olan münasibət də dəyişilməlidir, onunla bağlı təbliğat aparılmalıdır:

"Təbliğat nə qədər geniş olsa, narkomanların sayı da azalmış olacaq”. 

Adil Qeybulla dünyanın əksər ölkələrində narkomaniyanın artan dinamika ilə getdiyini vurğulayıb: 

"Bəzi ölkələrdə marixuana və digər yüngül narkitiklərin istifadəsinə icazə verilməsi onların sayının çoxalmasına bir qapı açdı. Təəssüflər olsun  ki, hazırda orta məktəblərdə də narkomanlara rast gəlinir”. 

Qeyd edək ki, 2021-ci ildə ilk dəfə narkomaniya diaqnozu qoyulan şəxslərin sayı açıqlanıb. Onların sayı 5603 nəfərdir. 2021-ci ildə müalicə  müəssisələrində qeydiyyatda olan narkomaniya xəstələrinin sayı isə 34602 nəfərdi.