Aşırı narkotik dozasından ölənlərin sayı 7600-ü keçdi-EUDA HESABATI

Avropada aşırı narkotik dozasından ölənlərin sayının 2024-cü ildə 7600-ü keçib. Bu 27 Aİ-na üzv dövləti ilə Türkiyə və Norveçdən əldə edilən EUDA təşkilatının məlumatlarına əsaslanan "2026-cı il Avropa Narkotik Hesabatı"nda açıqlanıb.

Stopnarkotik.az xəbər verir ki, hesabatda narkotikə bağlı ölümlərin böyük qisminin çoxsaylı maddələrin istifadəsi ilə bağlı olduğu və son illərdə bazara çıxan "yeni sintetik opioidlərin" sayəsində baş verdiyi açıqlanıb. Hesabatda qeyd olunur ki, 2009-cu ildən bəri Avropada 95 yeni sintetik opioid müəyyən edilib, təkcə 2025-ci ildə ilk dəfə 7 yeni sintetik opioid qeydə alınıb.

Avropada narkotik bazarlarının daha mürəkkəb və gözlənilməz hala gəldiyini vurğulayan hesabatda, Avropada aşırı dozadan ölənlərin sayının 2024-cü ildə 7600-ü keçdiyi və yeni, yüksək təsirli sintetik opioidlərin yayılmasının ictimai səhiyyə üçün ciddi risk yaratdığı bildirilir. Hesabatda qeyd olunur ki, kannabis Avropada ən çox istifadə edilən qanunsuz narkotik maddə olaraq qalır və son bir ildə təxminən 24,9 milyon yetkin şəxs kannabis istifadə edib.

Kokain istifadəsi də yüksək səviyyədə qalır, son bir ildə təxminən 4,3 milyon insan kokain istifadə edib və kokain müalicəsi üçün ilk dəfə müraciət edənlərin sayı 2024-cü ildə təxminən 37.000-ə çatıb.

Hesabatda həmçinin qeyd olunur ki, narkotik qaçaqmalçıları hüquq-mühafizə orqanlarının əməliyyatlarından yayınmaq üçün metodlar hazırlayır, kiçik limanlar, dəniz daşınmaları, dronlar və qabaqcıl gizlətmə üsulları daha çox yayılır. Hesabatda Avropada sintetik narkotik istehsalının təhlükəsizlik və ictimai sağlamlığa ciddi təhdid yaratmağa davam etdiyi, eyni zamanda Türkiyənin narkotik istehsalına qarşı davam edən mübarizəsinin vurğulandığı bildirilir.

Hesabatda qeyd olunur ki, 2024-cü ildə Türkiyədə 5 metamfetamin istehsalı müəssisəsi müəyyən edilib bağlanıb, eyni dövrdə 1 kokain istehsalı müəssisəsi də aşkar edilib və onun fəaliyyəti dayandırılıb.

Tədbirdə beynəlxalq əməkdaşlığın vacibliyi də vurğulanıb.

Avropa Birliyinin (AB) Daxili İşlər üzrə Komissarı Maqnus Brunner mətbuat konfransında bildirib ki, "Avropa Narkotik Hesabatı narkotik istifadəsinin bəşəriyyətə vurduğu ağır zərbələri göstərir".

Brunner təhlükəli yeni narkotiklərin istifadəsinin qarşısını almaq və qanunsuz qaçaqmalçıların fəaliyyətinə son qoymaq üçün bütün mövcud vasitələrdən istifadənin vacibliyini vurğulayıb və əlavə edib: "Beynəlxalq əməkdaşlığı gücləndirməklə biz bu cinayətkar iqtisadiyyata qarşı qlobal cəbhə yaradırıq".

EUDA-nın icraçı direktoru Dr. Lorraine Nolan da bildirib ki, "Narkotik bazarları sürətlə dəyişdikcə, Avropa küçələrində tapılan maddələrin çeşidi getdikcə gözlənilməz hala gəlir. Bu, riskləri artırır. İnsanlar tez-tez fərqinə varmadan yüksək təsirli maddələrdən istifadə edirlər. Etibarlı məlumatların əhəmiyyəti bu gün əvvəlkindən daha böyükdür".

Stopnarkotik.az