Muay Tay və Tayboks Federasiyasının prezidenti Araz Musayevin bıçaqlanması ilə bağlı başlanmış cinayət işinin məhkəmə istintaqı barədə yeni məlumatlar əldə etmişik.
Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Türkiyənin Antalya şəhərində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin hər birinin Türkiyə Cəza Məcəlləsinin 82.1-ci və 35-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılması tələb edilib.
82.1-ci maddə qəsdən adam öldürmə cinayətinin daha ağırlaşdırıcı forması barədədir. Maddədə bu cinayətə görə ömürlük həbs cəzası da nəzərdə tutulur. 35-ci maddə isə cinayət törətməyə cəhdi nəzərdə tutur.
Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin istisnasız bu maddələrlər təqsirli bilinməsini istəyib. Müttəhimlər isə məhkəmədə özlərini verilmiş ittihamlar üzrə təqsirli bilməyiblər.
Məlumat üçün deyək ki, Araz Musayevin bıçaqlanması ilə bağlı Uşu Sanda Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboks Federasiyasının 1-ci vitse-prezidenti Elşən Əbdürrəhimov, kikbosk üzrə məşqçi Vüqar Əsədov, Fuad Babayev, Rəşad Səlimov və Eynulla Babazadə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb olunublar. Növbəti proses martın 2-də keçiriləcək.
Araz Musayev ötən ilin may ayında Türkiyənin Antalya şəhərində bıçaqlanıb.