"Əgər savaş başlasa, bu dəfə o, regional müharibəyə çevriləcək"
İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei Vaşinqtonla Tehran arasında onilliklərdir davam edən qarşıdurmanın səbəblərinə münasibət bildirib.
Ali lider Tehranda İmam Xomeyni Hüseyniyyəsində ictimaiyyət nümayəndələri ilə görüş zamanı bu gərginliyin mahiyyətini iki sözlə ifadə edib: "Mənim fikrimcə, bu məsələni iki sözlə ümumiləşdirmək olar. Bu iki söz bunlardır: Amerika İranı udmaq istəyir; şərəfli İran milləti və İslam Respublikası buna mane olur."
Ayətullah Xamenei çıxışında İranın zəngin resurslara və strateji üstünlüklərə malik olduğunu vurğulayıb.
O bildirib ki, İranın neft və qaz ehtiyatları, geniş mineral sərvətləri, habelə coğrafi və geosiyasi mövqeyi xarici güclər üçün cəlbedicidir: "İranda bir çox cəlbedici yerlər var. İranın nefti, qazı, zəngin mineral ehtiyatları cəlbedicidir. İranın strateji və coğrafi mövqeyi cəlbedicidir. Onun bir çox başqa xüsusiyyətləri də var. İran təbii ki, təcavüzkar və ekspansionist bir dövlətin buna can atacağı bir ölkədir."
İranın ali dini rəhbəri bildirib ki, ABŞ-nin məqsədi İranı yenidən əvvəlki dövrdə olduğu kimi nəzarət altına almaqdır: "Buna görə də onlar İranı ələ keçirmək istəyirlər; necə ki, keçmişdə ələ keçiriblər."
Xamenei xüsusilə Pəhləvilər dövrünü xatırladaraq qeyd edib ki, həmin illərdə ABŞ faktiki olaraq ölkənin əsas sahələrinə nəzarət edirdi:
"Onlar resurslara, neftə, siyasətə, təhlükəsizliyə və beynəlxalq münasibətlərə nəzarət edirdilər; hər şey onların nəzarəti altında idi. Otuz il ərzində istədiklərini etdilər."
Onun sözlərinə görə, ABŞ həmin nəzarəti itirdikdən sonra yenidən o vəziyyətə qayıtmaq arzusundadır: "Əlləri kəsildikdən sonra geri qayıtmaq, Pəhləvi dövrünün vəziyyətini yenidən yaşamaq istəyirlər."
Lakin ali rəhbər vurğulayıb ki, İran xalqı bu planların qarşısını alıb və almaqda davam edir: "Lakin İran milləti möhkəm dayanıb, özünü qoruyub və bunun qarşısını alıb. Düşmənçilik də elə budur. Mübarizənin mahiyyəti də budur.
Xamenei Qərbin insan hüquqları və digər mövzularla bağlı tənqidlərini isə formal bəhanə adlandırıb: "Qalan söhbətlər, insan hüquqları və s. sadəcə boş sözlərdir. Məsələ budur."
O əlavə edib ki, qarşı tərəf acgöz və ekspansionist mövqedədir, İran isə müqavimətini davam etdirəcək: "O tərəf acgözdür, İran isə möhkəm dayanıb və möhkəm dayanmağa davam edəcək, digər tərəfi şər və zülmdən ümidsizliyə salacaq."
Ali lider çıxışında ABŞ-yə açıq xəbərdarlıq da edib. Onun sözlərinə görə, mümkün hərbi qarşıdurma təkcə iki ölkə ilə məhdudlaşmayacaq: "Əgər savaş başlasa, bu dəfə o, regional müharibəyə çevriləcək."/azpolitika.info