Almaniyanın ən böyük kimya zavodu BASF-də partlayış baş verib.
Stopnarkotik.az "Bild"ə istinadən xəbər verir ki, 14 nəfər xəsarət alıb.
Günorta saat 12 radələrində zavodda yanğınla müşayiət olunan partlayış baş verib.
Mannheim (Baden-Vürtemberq) və Lüdviqshafen (Reynland-Pfalts) üzərində nəhəng tüstü buludu əmələ gəlib. Yanğınsöndürmə briqadası BASF zavoduna cəlb olunub. Şirkətin məlumatına görə, ekoloji monitorinq aparatları zavodun daxilində və xaricində işləyir.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, partlayış barədə polisə də məlumat verilib və narahat olan sakinlərdən bir neçə zəng daxil olub. BASF ilkin olaraq partlayışın səbəbinin araşdırıldığını bildirib.
Saat 14:00-da şirkət əlavə məlumat verib: “Artıq yanğın BASF zavodunun yanğınsöndürənləri tərəfindən söndürülüb”.
Açıqlamada bildirilir ki, insident nəticəsində 14 əməkdaş yüngül xəsarət alıb və ehtiyat tədbiri olaraq həkimlərin nəzarətindədir. Şəhər hakimiyyəti və yanğınsöndürmə idarəsi yanma məhsullarının buraxılması ilə bağlı təhlükə barədə xəbərdarlıq edib.
Yanğınsöndürənlər insanlardan təsirlənmiş ərazilərdən qaçmağı, pəncərə və qapıları bağlı saxlamağı və HVAC sistemlərini söndürməyi xahiş edir.
“Handelsblatt” qəzetinin məlumatına görə, şirkətin səhmləri insidentlə bağlı ucuzlaşıb.