Akulaların qalıqlarında narkotik maddələr aşkar edildi - ALİMLƏR SƏBƏBİNİ AÇIQLADI

Turistlərin ən çox üz tutduğu bölgələrdən biri olan Baham adalarında aparılan araşdırma ciddi narahatlıq doğurub.

Stopnarkotik.az xəbər verir ki, alimlər akulaların qanında kokain, kofein və müxtəlif dərman maddələrinin izlərini aşkar ediblər.

“Environmental Pollution” jurnalında dərc olunan tədqiqat çərçivəsində Eleutera adası ətrafında yaşayan 85 akula üzərində analiz aparılıb. Nəticələr göstərib ki, hər üç akuladan birinin qanında insan mənşəli kimyəvi maddələr mövcuddur.

Araşdırma zamanı nümunələrdə kofein, parasetamol, diklofenak və hətta kokain izləri qeydə alınıb. Mütəxəssislər bildirirlər ki, bu maddələr əsasən kanalizasiya suları və tullantılar vasitəsilə okeana daxil olur. Turizm bölgələrində bu proses daha intensiv gedir.

Kokainin isə okeana narkotik qaçaqmalçılığı zamanı itirilən və ya suya atılan yüklər vasitəsilə düşdüyü ehtimal edilir. Bu maddələr sonradan qida zənciri ilə akulaların orqanizminə daxil olur.

Alimlər “yüklənmiş” akulalarda maddələr mübadiləsinin pozulduğunu və güclü stress əlamətlərinin yarandığını müəyyən ediblər. Bu isə onların davranışına birbaşa təsir göstərə bilər.

Mütəxəssislər xəbərdarlıq edir ki, belə təsirlər akulaları daha aqressiv edə və ya təhlükə hissini zəiflədərək onların sahil zonalarına daha yaxın üzməsinə səbəb ola bilər./musavat.com