Ahıl qadının evinə balta ilə basqın edərək pulunu, qızıl üzüyünü, sırğasını götürən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Ağstafada quldurluq etməkdə təqsirləndirilən Şirzad Heydərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Stopnarkotik.az pravda.az-a istinadən bildirir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 2021-ci il iyulun 13-ü saat 23 radələrində Ağstafa rayonunun Aşağı Göycəli kəndində qeydə alınıb. İttihama görə, kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Heydərov maska ilə qonşusu, 83 yaşlı Cəmilə Əliyevanın yaşadığı evə girib, onu balta və bıçaqla hədələyərək 10 manat pulunu, qızıl üzüyünü və sırğasını alıb, sonra otağın döşəməsini yandırıb ərazidən uzaqlaşıb. Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, müəyyən edilərək saxlanılıb. İstintaq orqanları tərəfindən Ş.Heydərovun barəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 29,186.2.2-ci (Əmlakı qəsdən məhv etməyə və ya zədələməyə cəhd, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 228.4-cü (Qanunsuz olaraq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.