AEBA: "İran uran ehtiyatı ilə bir neçə bomba istehsal edə bilər"

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi İrana hücumdan aylar keçməsinə baxmayaraq hələ də agentliyin müfəttişlərinin ölkəyə girişinin mümkün olmadığını deyib.

O, nəzəri olaraq, bombalanan yeraltı sahələrin altında qalan İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatından bir neçə nüvə bombası hazırlana biləcəyini qeyd edib.

Qrossi İranın Agentliyin müfəttişlərinin Nətənz, Fordo və İsfahandakı əsas zənginləşdirmə obyektlərinə girməsinin qarşısını aldığını söyləyib.

Qrossi bildirib ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) əsasən İrana uranı zənginləşdirməyə icazə verilir, lakin zənginləşdirilmiş uranın başqa məqsədlərlə istifadəsinin qarşısını almaq üçün yoxlamaya icazə verilməlidir.

Müfəttişlər eləcə də iyunun 13-də İsrailin bombardman kampaniyasına başladığı gün yoxlanılması planlaşdırılan İsfahanda yeni açıqlanan yeraltı qurğuya baxış keçirə bilməyiblər.

Stopnarkotik.az