Abşeron rayonunda 1990-cı il təvəllüdlü Fikrət sevgilisi Vüsaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Stopnarkotik.az demokrat.az-a istinadən xəbər verir ki, hadisə 2 fevral 2023-cü ildə, saat 23.00-da baş verib. Fikrət əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalə ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı evin mətbəxindən götürdüyü boşqabla onun baş nahiyəsinə qəsdən bir dəfə vuraraq ona xəsarətlər yetirib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fikrət ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O bildirib ki, rəsmi olaraq heç bir yerdə işləmir: “İstifadəmdə olan “Tofaş” markalı avtomobil ilə Bakı-Xırdalan xətti üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğul oluram. Əvvəllər yol-nəqliyyat hadisəsi törətdiyimə və qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etdiyimə görə məhkum olunmuşam. Zərərçəkmiş Vüsalənin barəmdə etdiyi 2 fevral 2023-cü il tarixli müraciətlərlə tanış olmuşam. Vüsalıni təxminən 10 il əvvəl tanımışam. Bu müddətdə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışıq. Əvvəllər dəfələrlə aramızda mübahisə baş verib”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin yay aylarında Vüsalə ondan ayrılmaq istədiyini bildirib: “İlk öncə bununla razılaşmasam da, sonradan ayrılmağı qərar almışıq. Qeyri-rəsmi münasibətdə olmağımıza baxmayaraq valideynlərimız rayonda yaşadıqlarından və Bakı şəhərində yaşamaq üçün yeri olmadığından Vüsalənin evində yaşamağa davam etmişəm. Həmin müddətdə mübahisə etsək də, ümumi münasibətlərimiz normal olub. Fevralın 2-də, saat 23.00-da işdən sonra Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Vüsalənin yaşadığı evə gedib qapını döydüm. Vüsalə qapını açıb məni evə keçirdi. Bir qədər söhbət etdik. İşlərimin yolunda getməməsi ilə əlaqədar pulum az olduğundan Vüsalədən bir miqdar pul istədim. Lakin Vüsalə kobud tərzdə və kəskin formada mənə veriləsi pulu olmadığını, pul istəməməsini bildirdi. Vüsalə ilə bu mövzuda bir qədər mübahisə etdikdən sonra ayağa qalxıb evi tərk etmək qərarına gəldim. Vüsalə nalayiq ifadələrlə üzərimə gəldi. Əlim ilə Vüsaləni itələyərək evdən çölə çıxdım. Vüsalə bu hərəkətimə əsəbiləşərək polisə şikayət edəcəyini bildirdi. Mən isə heç nə demədən evi tərk etdim. Vüsaləyə heç bir xəsarət yetirməmişəm. Vüsalə mənim başqa biri ilə ailə qurmaq istəmədiyi üçün barəmdə şikayət edıb. Vüsalə ilə aramızda yalnız sözlə mübahisə baş verib”.
İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, təqsirləndirilən Fikrəti təxminən 10 il əvvəl tanıyıb və həmin şəxslə qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlayıb: “Bu müddət ərzində dəfələrlə aramızda mübahisə baş verib. 2022-ci ilin yay aylarında Fikrətdən ayrılaraq tək yaşamağa başladım. Buna baxmayaraq, Fikrət tez-tez yaşadığım evə gəlib mübahisə yaradıb, dava-dalaş salmaqla məni narahat edib. Fevralın 2-də, saat 23.00-da Fikrət yenidən evinə gələrək məndən pul istədi. Mən isə Fikrətə pulum olmadığını bildirdim. Evimdən getməsini tələb etdim. Bu zaman Vüsalın narkotik vasitənin təsirində olduğunu hiss etdim. Fikrət dediklərimə əhəmiyyət vermədən ünvanıma nalayiq ifadələr işlətdi, söyüşlər söydü. Daha sonra mübahisə zamanı Fikrət mətbəxə keçib orada götürdüyü boşqabla baş nahiyəmə bir dəfə güclü zərbə endirdi. Zərbənin təsirindən boşqab sınaraq yerə düşdü və baş nahiyəm qanadı. Fikrəti itələyərək qaçaraq evdən həyətə çıxdım. Cibimdəki mobil telefon vasitəsilə Daxili İşlər Nazirliyinin “102” zəng-mərkəzi xidmətinə müraciət etdim, döyülməyim barədə məlumat verdim. Bir neçə dəqiqə sonra evə qayıdanda Fikrətin getdiyini gördüm. Bu zaman Fikrətin mənə aid içində 700 manat pul olan debit bank kartımı özü ilə apardığını gördüm”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fikrət 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Abşeron rayon ərazisini və saat 23.00-dan saat 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulub.