Türkiyədə dələduzluqda şübhəli bilinən Azərbaycan vətəndaşı, 26 yaşlı Səbinə Vahabova barəsində rəsmi axtarış elan edilib.
Stopnarkotik.az lent.az-a istinadla xəbər verir ki, o, müxtəlif şəhərlərdə ailə qurmaq adı ilə kişiləri aldadaraq toy mərasimlərində hədiyyə olunan qızılları götürüb yoxa çıxmaqda ittiham olunur.
İlk müraciət ötən ilin 28 noyabrında Çorum şəhərindən daxil olub. Zərərçəkmiş şəxs polisə bildirib ki, Səbinə ilə dini nikaha daxil olub və toy mərasimi təşkil edilib. Məclisdə qonaqlar və qohumlar tərəfindən cütlüyə təxminən 500 min lirə dəyərində qızıl hədiyyə olunub. Lakin toyun ertəsi günü qadın bütün qızılları götürərək izsiz şəkildə aradan çıxıb.
Oxşar fakt bu ilin fevralında Kocaeli vilayətinin Gebze rayonunda qeydə alınıb. 39 yaşlı bir kişi hüquq-mühafizə orqanlarına müraciət edərək həmin qadınla evləndiyini və dini nikah bağladıqlarını bildirib. Onun sözlərinə görə, cəmi bir gün sonra təxminən 300 min lirə dəyərində qızıllar götürülərək ev tərk edilib. Qadının binadan çıxaraq uzaqlaşdığı anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Araşdırma zamanı Kocaelidəki ailə üz tanıma proqramları vasitəsilə gəlinin Çorumda oxşar üsulla qızılları aparan şəxslə eyni insan olduğunu müəyyənləşdirib. İddialara əsasən, Səbinə Vahabova fərqli adlardan istifadə edib, həmçinin xarici görünüşündə dəyişiklik edərək yenidən evlilik həyata keçirib.
Mətbuatda görüntülər yayımlandıqdan sonra Konya şəhərindən də oxşar məzmunlu müraciət daxil olub. Həmin şəxs Zahra Zamarova adı ilə tanıdığı qadınla evlənmək niyyətində olduğunu, lakin onun davranışlarından şübhələndiyini bildirib. Qadının şəkil çəkdirməyə icazə vermədiyi və qısa müddət sonra şəhəri tərk etdiyi qeyd olunur.
Hüquq-mühafizə orqanları Səbinə Vahabovanın ad və soyadını dəyişdirərək başqa şəxslərə qarşı da bu cür əməllər törətmiş ola biləcəyini istisna etmir. Faktlarla bağlı araşdırmalar davam etdirilir.