20 hərbçinin şəhid olduğu qəza necə baş verib? - TÜRKİYƏ MN-dən AÇIQLAMA

Türkiyənin Milli Müdafiə Nazirliyi 2025-ci ilin noyabrın 11-də Gürcüstanın Kaxeti bölgəsində qəzaya uğrayan və 20 hərbçinin şəhid olduğu Hava Qüvvələrinə məxsus C-130 tipli kargo təyyarəsi ilə bağlı açıqlama yayıb.

“Qara qutu”nun araşdırmalarının nəticələrindən bəhs edilən açıqlamada deyilir ki, qəzaya qədər uçuş heyətinin danışıqlarında və təyyarənin sistemlərində hər şey normal davam edib, hər hansı bir nasazlıq aşkarlanmayıb, hadisənin qəfil baş verdiyi müəyyən edilib.

“Təyyarənin quyruq hissəsinin gövdədən ayrılması səbəbindən “Uçuş Məlumatlarının Qeydiyyat Cihazına (Qara qutu) aid enerji və məlumat kabelləri kəsilib və qeydiyyat sonlanıb. Buna görə qeyd cihazında qəzanı aydınlatacaq əlavə məlumat yoxdur”, - Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Rəsmi məlumata görə, təyyarənin mühərrikləri və pərləri üzərində aparılan ətraflı yoxlamalar nəticəsində, motor və pərlərin qəza anına qədər problemsiz işlədiyi müəyyənləşib. Pərlərin qopması səbəbindən təyyarə gövdəsinin zədələndiyi aşkarlanmayıb.

“Cəsəd qalıqlarından alınan nümunələr Jandarma Kriminal Başqanlığı tərəfindən analiz edilib və içəridən və xaricdən partlayıcı maddə qalıqlarına rast gəlinməyib.

Hazırda materiallarda aşkarlanan qırıq və kəsik analizlərinin sənədləşdirilməsi gözlənilir. Mövcud mərhələdə qırılmaların yorulma səbəbindən başlamadığı, lakin yoxlamalarda materialların qırılmağa meyilli davrandığı müəyyən edilib”./“Yeni Sabah”