Türkiyə Milli İstihbarat Təşkilatına ölkədə seçkilərin birinci turuna bir gün qalmış çevriliş olacağı ilə bağlı məlumat daxil olub.
“Yeni Şafak” qəzetinə daxil olan məlumata görə, mayın 13-də şənbə günü saat 13.00 radələrində Dəniz Piyadaları Korpusunun mayoru S.T. MİT-in Çanaqqala bölgə idarəsinə gedərək Türkiyədə dövlət çevrilişinə cəhdin hazırlandığını məruzə edib.
Məlumata çox ciddi yanaşıldığı bildirilir. MİT, Milli Müdafiə Nazirliyi və Baş Qərargah, Prezident administrasiyası xəbərdar edilib.
Bütün əsgər yataqxanlarında və bazalarda növbə ilə axtarış aparıldığı qeyd edilir. Ora giriş məhdudlaşdırılıb.
Lakin tezliklə ifadəsi alınan S.T.-nin yalan dediyi məlum olub və onun psixi sağlamlığı ilə bağlı şübhələr yaranıb. Bununla belə, hərbi baza və birləşmələrdə ehtiyat tədbirləri mayın 28-dək davam edib.
Xatırladaq ki, 2016-cı il iyulun 16-na keçən gecə bir qrup qiyamçı Türkiyədə hərbi çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankara və İstanbulda baş verib. 250-dən çox türk vətəndaşı öldürülüb, 2 mindən çox insan yaralanıb, üsyan yatırılıb./azvision.az