Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əli Rəsulovun cinayət işinin bəzi detalları məlum olub.
Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama əsasən, 1957-ci il təvəllüdlü Yevlax rayonunda uzun müddətdir davam edən torpaq mübahisəsi ağır cinayət hadisəsi ilə nəticələnib. Belə ki, təqsirləndirilən şəxs uzun illər istifadə etdiyi torpaq sahəsi ilə bağlı yaranan mübahisə zəminində kənd sakinini ov tüfəngi ilə qətlə yetirib, daha sonra mərhumun yaşadığı evə qanunsuz daxil olaraq onun həyat yoldaşını öldürməklə hədələyib.
İttihama görə, Əli Rəsulov Yevlax rayonunun Malbinəsi kəndi ərazisində yerləşən 2,61 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2007-ci ildən istifadə edib. O, həmin torpaq sahəsini əvvəlki sahiblərindən şifahi razılıq əsasında pul müqabilində aldığını iddia etsə də, torpaq sahibləri onun yalnız müəyyən müddətə icarəçi olduğunu bildirərək ərazinin geri qaytarılmasını tələb ediblər.
Mübahisə nəticəsində məsələ məhkəməyə çıxarılıb və məhkəmə qərarı ilə təqsirləndirilən şəxsin həmin torpaq sahəsindən çıxarılması qət edilib. Bundan sonra torpaq sahəsindən mərhum Ruslan Mustafayev istifadə etməyə başlayıb.
İstintaqla müəyyən edilib ki, 2025-ci ilin iyun ayında Əli mübahisəli torpaq sahəsinin yaxınlığından keçərkən əvvəllər özünün əkib-becərdiyi yonca sahəsinin biçildiyini və bağlamalar şəklində satışa hazır vəziyyətə gətirildiyini görüb. Həmin gün axşam saatlarında o, kənddə Ruslan Mustafayevlə qarşılaşıb və torpaq sahəsinin ona qaytarılmasını tələb edib. Lakin Ruslan torpaq sahəsinin ailəsinə məxsus olduğunu bildirərək bu tələbi rədd edib və aralarında mübahisə yaranıb. Zərərçəkmişin onu nalayiq ifadələrlə təhqir etməsi Əlinin qisas almaq niyyətini gücləndirib və o, həmin gecə Ruslanı öldürmək qərarına gəlib.
Ertəsi gün səhər saatlarında təqsirləndirilən şəxs yaşadığı evdən atasından qalmış qoşa lüləli ov tüfəngini və patronları götürərək avtomobili ilə mübahisəli torpaq sahəsinə yollanıb. O, əvvəlcədən həmkəndlisindən Ruslan Mustafayevin torpaq sahəsinə gəldiyi barədə məlumat alıb və bir müddət onu müşahidə edib.
Saat 06:26 radələrində Əli avtomobillə Ruslanın dayandığı yerə yaxınlaşıb və zərərçəkmişdən torpaq sahəsini geri qaytarmasını bir daha tələb edib. Ruslan Mustafayev bu tələbi yenidən rədd etdikdən və tərəflər arasında təzədən mübahisə yarandıqdan sonra təqsirləndirilən şəxs avtomobildən düşmədən tüfəngi patronla dolduraraq açıq pəncərədən mərhuma tərəf tuşlayıb. O, əvvəlcə Ruslan Mustafayevi öldürəcəyini bildirib. Mərhum isə bu hədələri ciddi qəbul etməyərək cavab verib. Bundan sonra Əli bir dəfə atəş açıb.
Açılan atəş nəticəsində Ruslan Mustafayev baş nahiyəsindən ağır odlu silah yarası alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun sol gicgah nahiyəsinə dəyən qırmalar üz skeletinin və kəllə sümüklərinin qəlpəli sınıqlarına, baş beynin didilib-dağılmasına səbəb olub və aldığı xəsarətlər onun hadisə yerində ölümünə gətirib çıxarıb.
Bununla kifayətlənməyən təqsirləndirilən şəxs ardınca maşını ilə Ruslanın yaşadığı evə gedib. O, əlində ov tüfəngi ilə evin həyətinə daxil olub, daha sonra qapısı açıq olan mənzilə qanunsuz şəkildə girib. Həmin vaxt evdə olan Ruslanın həyat yoldaşı ilə qarşılaşan Əli tüfəngi ona tərəf tuşlayaraq ərini öldürdüyünü söyləyib və onu da öldürməklə hədələyib. İstintaq orqanı bu hərəkətləri hədənin həyata keçirilməsi üçün real əsaslar yaradan davranış kimi qiymətləndirib.
Beləliklə, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi, eləcə də mənzil toxunulmazlığını pozma ilə bağlı maddələri üzrə ittiham irəli sürülüb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Rəsulov 12 il müddətinə azadlıqdan məhrum edilib./pravda.az