“Vaqner” PMC-nin Rusiya hakimiyyətinə qarşı başlatdığı hərbi qiyam Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə dayandırıldı. Qruplaşma rəhbəri, Kreml sahibi Vladimir Putinin “aşpazı” Yevgeni Priqojin geri dönmək qərarı verdi. İndi Kremldə bəlkə də rahat nəfəs alırlar, amma 1 günlük qiyamın ortaya çıxardığı mənzərəyə baxdıqda Putin hakimiyyəti üçün rahatlığa heç bir əsas olmadığı aydın görünür.
Hərbi qiyam Rusiyada dövlət hakimiyyətinin konstitusion mahiyyətini itirdiyini, ölkənin milli təhlükəsizliyinin ciddi təhdid altında olduğunu göstərdi. Bu reallıq yaxın gələcəkdə Rusiyanın daha böyük kataklizmlərlə üzləşməsinin qaçılmaz olduğunu ortaya qoydu.
Priqojin kimdir?
Rusiya rəhbəri V.Putinin uzun illər “qara” işlərini həyata keçirmiş mahir təşkilatçı, hərbi cani, Kremlin Afrikada, Cənubi Amerikada, postsovet məkanında, Yaxın Şərqdəki layihələrinin kölgədə olan əsas icraçısı. Rusiyanın Ukraynadakı hərbi uğursuzluğu ona ehtiyac yaratdı, Putinin əmri ilə dövlətin bütün hərbi, siyasi imkanları onun üzünə açlıdı. Təsəvvür etmək çətindir, amma Rusiyada məhbusları əfv etmək Prezidentin müstəsna səlahiyyəti olduğu halda, Priqojin həbsxanalardan 10 minlərlə cinayətkarı çıxarıb Ukraynaya qarşı döyüşə səfərbər etdi - sağ qalanlara 6 aydan sonra azadlıq vədi ilə. Təkcə bu fakt Rusiyada hakimiyyətin konstitusion əsaslarının aradan qalxdığını göstərmək üçün kifayətdir.
Uzun illər birbaşa Putindən əmrlər almış Priqojin Ukrayna döyüşlərində çox keçmədən Rusiya Müdafiə Nazirliyi ilə açıq münaqişəyə girdi, nəticədə rəhbərlik etdiyi “Vaqner”in 20 minə yaxın döyüşçüsünü ön xətdən çıxararaq arxaya çəkdi. Onun video müraciətləri Müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimovun ünvanına ağır təqirlərlə doludur, son günlər isə bilavasitə Kreml rəhbərliyini hədəfə almışdı.
Priqojin nə tələb edir?
Ukraynadakı əməliyyatların uğursuzluğuna görə Şoyqu və Gerasimovun cəzalandırılmasını, dolayısı ilə Rusiyanı məhvə sürükləyən müharibənin dayandırılmasını. Əlbəttə, bu təkcə “Vaqner” rəhbərinin tələbi deyil, müharibədən yorulmuş, rahat həyatı əllərindən alınmış, milyardlarla vəsait itirmiş oliqarxiyanın, habelə dövlət hakimiyyətində möhkəm yer tutmuş korrupsiya elitasının tələbidir. Amma Putinin qurduğu kriminal-cəza rejiminin qorxusundan onların səsi çıxmır. Priqojin isə xüsusi imtiyazlara, yaxşı döyüş qabiliyyətinə malik ordu sahibi olduğuna görə, zəifləmiş Putin avtokratiyasının üzərinə yeriməyə cəsarət tapdı.
Nəticədə ortaya hansı mənzərə çıxdı?
Dövlətin hərbi qiyama verdiyi reaksiya tam bir rüsvayçılıq idi. Məlum oldu ki, xalq üzərində qorxu sistemi qurmuş rejim əslində dövlət üçün ən böyük təhlükə mənbəyinə çevrilib.
Qiyamın başlamasından bir neçə saat sonra Putin xalqa müraciət edərək hakimiyyəti müdafiə etməyə çağırdı, təhlükəsizlik qurumlarının qısa müddət ərzində stabilliyi bərpa edəcəyini, “Vaqner”dən ayrılanların əfv ediləcəyini, təşkilatçıların ən sərt şəkildə cəzalandıralacağını vəd etdi. Paradoksal olsa da, Priqojinlə əlaqəyə çıxan generalitet ona tələblərinə əməl olunacağını vəd etdi, internetdə yayılan səhnələrdə “Vaqner” rəhbərinin onları necə ələ saldığı, sındırdığı göründü. Bu, Rusiya dövlət üçün sözün əsl mənasında büsbütün rüsvayçılıq idi.
Putinin çıxışı heç bir nəticəyə səbəb olmadı. Ölkənin cənubunda ən böyük şəhərlər qısa müddətdə “Vaqner” muzdlularına müqavimətsiz təslim oldu, Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin qərargahı, bazaları Priqojinin nəzarətinə keçdi. Putinin çağırışına rəğmən, yayılan kadrlarda əhalinin muzdlulara normal münasibət bəslədiyi ortaya çıxdı, ölkənin paytaxtı da daxil olmaqla heç bir şəhərində hakimiyyətin müdafiəsinə ictimai dəstək olmadı. Habelə, qiyam müddətində 25 mindən artıq silahlıdan heç biri “Vaqner”i tərk etmədi, əksinə ordu hissələrinin ona qoşulması görüntüləri yayıldı. Bu fakt Putin hakimiyyətinin, şəxsən özünün vətəndaşların gözündə etibarını tamamilə itirdiyini ortaya çıxardı. Prezident nə ictimai dəstəyi təmin edə bildi, nə dövlət qurumlarını böhranın həllinə köklədi, nə də qiyamçıları cinayət əməlindən çəkindirə bildi.
Qiyam saatlarında məlum oldu ki, dövlət qurumları, xüsusi xidmət orqanları qiyamın qarşısını almaqda acizdirlər. FSB-dən bir mənbə BBC-yə etiraf etmişdi ki, onların qiyamı yatırmaq üçün hər hansı planları yoxdur. “Vaqner” kolonlarına bir neçə hava hücumu təşkil olunması istisna olmaqla ordu hissələrinin hər hansı fəaliyyəti gözə dəymədi. Nəticədə, muzdlular onların bir neçə helikopter və təyyarəsini vurdu, 15-ə qədər pilot həlak oldu. “Vaqner” Voronej şəhərini ələ keçirib Moskvaya doğru yol aldı və qısa müddətdə Tula şəhərinə çatdı. Bu zaman Moskvanın əsas giriş-çıxışlarında blok-postlar qoyulurdu, 1 il 3 ay əvvəl Kiyev həndəvərinə gəlib çıxmış Putin, necə deyərlər, Moskvada özünü müdafiəyə hazırlaşırdı...
Gün ərzində Putinin təlimatı ilə Belarus Prezidenti Aleksandr Lukaşenko qiyamçı Priqojinlə danışıqlar apardı və hələlik bəlli olmayan razılaşma ilə Moskva üzərinə hərbi yürüş dayandırıldı. Beləliklə, böhranı hakimiyyət yox, kənar şəxsin vasitəçiliyi, Priqojin üzərindəki nüfuzu dayandırdı. Bu, Putin komandası üçün biabırçılıq idi, Rusiya kimi nəhəng dövlət cinayətkar qruplaşma ilə danışıqlara getməyə məcbur oldu və onun şərtlərini qəbul etdi. Yayılan məlumatlara görə, Priqojin öldürdüyü rus pilotlarının ailələrinə 50 milyon rubl təzminat ödəyəcək. Onun dəstəsinin heç bir üzvü cəzalandırılmayacaq və öz düşərgələrinə çəkiləcək.
Bəli, indi Rusiyada dövlətə qarşı qiyam qaldırmış hərbi qruplaşmanın öz qanunlarının işlədiyi düşərgəsi var. Bu, Afrikanın “banan ölkələrində” uzun müddət at oynatmış “Vaqner”in Rusiyanı “banan” ölkəyə çevirməsinin parlaq göstəricisidir.../azpolitika.info