Türkiyədə daha 2 AES tikiləcək – Bu ölkələrlə danışıqlar aparılır

Türkiyədə atom elektrik stansiyalarının sayı 3-ə çatdırılacaq.

Stopnarkotik.az xəbər verir ki, Türkiyə Sinopda tikiləcək ikinci atom elektrik stansiyası üçün Rusiya və Cənubi Koreya ilə, üçüncü atom elektrik stansiyası üçün isə Çinlə danışıqlar aparır. 

İstanbulda dünyanın bir çox nüvə enerjisi şirkətinin iştirak etdiyi 5-ci Atom Elektrik Stansiyaları Sərgisi və 9-cu Atom Elektrik Stansiyaları Zirvəsi işə başlayıb. Sərginin açılış iclasında çıxış edən Nüvə Enerjisi və Beynəlxalq Layihələr Baş İdarəsinin şöbə müdiri Salih Sarı bildirib ki, ikinci atom elektrik stansiyasının inşası planlaşdırılan Sinop sahəsində lazımi işlər tamamlanıb.

“Hazırda Cənubi Koreya və Rusiya Federasiyası ilə danışıqlar aparırıq”, - deyən Salih Sarı Trakya bölgəsində tikiləcək 3-cü atom elektrik stansiyası ilə bağlı da məlumat verib:

“Trakya bölgəsində üçüncü elektrik stansiyasının qurulması üçün Çin hökuməti ilə də danışıqlar aparırıq. Bundan əlavə, biz SMR (kiçik modul reaktor) üçün ABŞ, Britaniya və Fransa şirkətləri ilə sıx əlaqə saxlayırıq. Bundan əlavə, dördüncü atom elektrik stansiyası üçün çöl tədqiqatlarımız davam edir”.

Qeyd edək ki, Türkiyədə ilk atom elektrik stansiyası Akkuyu olacaq. Bu stansiyanın tikintisi yekunlaşmaq üzrədir./sfera.az