Türkiyənin Kartalkaya dağ-xizək kurortunda 79 nəfərin ölümü ilə nəticələnən güclü yanğının baş verdiyi "Grand Kartal" hotelinin sökülməsinə qərar verilib.
Bu barədə "Habertürk" telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
1978-ci ildə tikilmiş 12 mərtəbəli hotelin sökülməsi ilə bağlı qərar Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin mütəxəssislərinin apardığı ekspertizanın nəticələrinə əsasən verilib. Onlar yanğının binanın əsas konstruksiyalarına ciddi ziyan vurduğunu aşkar edərək, binadan gələcəkdə istifadənin mümkünsüzlüyü qənaətinə gəliblər.
Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub. Yanvarın 22-də Türkiyədə milli matəm elan edilib.