Türkiyə Ukraynaya “Akıncı” dronları verəcək - 100 milyon dollar sərmayə yatırılır...

Türkiyə “Bayraktar Akıncı” pilotsuz təyyarələrinin Ukraynaya təhvil verilməsi məsələsini nəzərdən keçirir.

Bunu “Baykar” istehsalat şirkətinin baş direktoru Haluk Bayraktar deyib.

“Bayraktar Akıncı”nın Ukraynaya tədarükünə gəlincə, bu məsələ nəzərdən keçirilir”, o, deyib.

Bayraktarın sözlərinə görə, Ukraynada müəyyən tipli İHA istehsal etmək üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır. “Müdafiə sahəsində əməkdaşlıq hökumətin icazəsini tələb edir və bizdə bu icazə var. Ona görə də “Akıncı” məsələsi nəzərdən keçirilir, mən bu barədə bunu deyə bilərəm”, - deyə şirkət rəhbəri əlavə edib.

Sentyabrın 29-da Kiyevdə keçirilən birinci müdafiə sənayesi forumunda Bayraktar Ukraynada “Bayraktar” pilotsuz uçan aparat istehsal edən zavodun tikintisini 1,5 il ərzində başa çatdırmağı planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, şirkət bütövlükdə Ukraynaya təxminən 100 milyon dollar sərmayə qoyur.“Bu vəsait zavodun tikintisi ilə yanaşı, xidmət mərkəzinin və şirkətin Ukraynadakı baş ofisinin saxlanmasına sərf olunur”, - o qeyd edib.