Tramp üçün “vergi immuniteti” qalmaqal yaratdı - Prezident korrupsiyada ittiham olunur

ABŞ-də Prezident Donald Trampla bağlı yeni ciddi qalmaqal başlayıb. Qalmaqal Tramp administrasiyası ilə ABŞ Vergi Xidməti (IRS) arasında indiyədək görünməmiş bir sövdələşmə ətrafında cərəyan edir.

ABŞ mətbuatında və müxalifətdəki tənqidçilər bu sövdələşməni Trampı və onun bizneslərini hökumətin vergi nəzarətindən çıxarmaq cəhdi adlandırırlar.

Məsələ ondan başlayıb ki, Tramp onun vergi bəyannamələrinin mediaya sızmasından sonra IRS-ə qarşı iddia qaldırıb. Bir neçə il əvvəl keçmiş IRS podratçısı Çarlz Littlcon Tramp və digər ultra varlı amerikalıların vergi bəyannamələrini jurnalistlərə sızdırmışdı. Bu, böyük siyasi ajiotaj yaratdı və Littlcon özü sonradan mühakimə edildi.

Tramp hökumətin onun məxfi məlumatlarını qorumadığını iddia edərək, dövlətdən 10 milyard dollar təzminat tələb etdi. Nəticədə bu həftə ABŞ Ədliyyə Nazirliyi guya Trampla razılığa gəlməyə məcbur oldu və federal agentliklər tərəfindən "siyasi motivli təqib"dən əziyyət çəkən “qurbanlara” kompensasiya ödəmək üçün təxminən 1,8 milyard dollarlıq fond yaratdı. Belə ki, Tramp onun vergi bəyannamələrinin dərc edilməsini özünə qarşı “siyasi təqib” kimi qələmə verib və hökuməti də buna “razı salıb”. Söhbət onun özünün rəhbərlik etdiyi hökumətlə sövdələşməsindən gedir…

Bu qərarın özü tənqidlərə, saxtakarlıq iddialarına səbəb olub. Çünki bir çoxları bunu dövlət vəsaitlərindən və administrasiya səlahiyyətlərindən prezidentə və onun müttəfiqlərinə fayda vermək cəhdi kimi görürlər.

Lakin əsl qalmaqal əvvəlcə ictimaiyyətə açıqlanmayan ayrıca bir bəndin razılaşmaya gizlicə əlavə edildiyi aşkar olunandan sonra baş verib. Bu bənd vergi orqanına Trampın, onun ailə üzvlərinin və əlaqəli şirkətlərinin vergi bəyannamələrinin 2026-cı ilin may ayına qədər bütün dövrlər üçün hər hansı bir auditini, yoxlamasını aparmağı qadağan edir. Bundan əlavə, IRS-ə nəzəri olaraq keçmişdə audit mövzusu ola biləcək hər hansı bir məsələni qaldırmaq qadağandır. Bu, dövlətin Trampın keçmiş vergi pozuntularını araşdırmaq qabiliyyətini birdəfəlik bloklamaq cəhdidir.

Bu qalmaqal vəkillərin və müxalifətin xüsusilə güclü reaksiyasına səbəb olub. Jurnalist araşdırmaları göstərir ki, illərdir IRS, biznesinin böyük miqyasına və çoxsaylı vergidən yayınma sxemlərinə baxmayaraq, Trampın vergi bəyannamələrinin tam auditini apara bilməyib.

İndi tənqidçilər Tramp administrasiyasının prezidentə şəxsi maliyyə müdafiəsi təmin etmək üçün Ədliyyə Nazirliyindən və federal aparatdan istifadə etdiyini iddia edirlər. Daha bir qəzəb doğuran məqam isə Trampın faktiki olaraq öz hökuməti ilə müqavilə bağlamasıdır: həm IRS, həm də Ədliyyə Nazirliyi onun özünün rəhbərlik etdiyi icra hakimiyyətinə hesabat verir. Hüquq mütəxəssisləri artıq belə bir müqavilənin qanuniliyini şübhə altına alır və iddia edirlər ki, icra hakimiyyəti müəyyən bir şəxsi vergi qanunlarının tətbiqindən azad edə bilməz.

Demokratlar və bir çox IRS işçiləri bunu müasir Amerika siyasətində institusional korrupsiyanın ən açıq formalarından biri adlandırırlar. Onlar hesab edirlər ki, bu, prezidentə maliyyə araşdırmalarından şəxsi immunitet əldə etmək üçün dövlət qurumlarından istifadə etməsinə dair təhlükəli bir presedent yaradır. Hətta bir çox mühafizəkar hüquqşünaslar belə bir müqavilənin Amerika tarixində faktiki olaraq görünməmiş korrupsiya aktı olduğunu etiraf edirlər.

Lakin özü ilə bağlı ictimai rəy hələlik Trampı az maraqlandırır. Məsələnin hüquqi müstəvidə necə mübahisələndiriləcəyini sə zaman göstərəcək./azpolitika.info