Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə qohumuna ağır bıçaq zərbəsi vurmaqda təqsirləndirilən Alim Qasımzadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Məhkəmə zərərçəkən Qasımov Hüseynin ifadəsi ilə davam edib:
"Həmin gün yaxın bir qohumun toyunda idik. Mən ayaqyolunda idim, çıxanda o mənə yaxınlaşdı. Dedi ki, foyedə söhbət edək. Keçib foyedəki divanda oturduq. Mənimlə təhqirlə danışmağa başladı. Alim mənə "Qardaşım uşağının toyuna niyə gəlmədin?" dedi. Mübahisə elə bundan sonra başladı, o mənə söyüş söydü. Dedim söyüş söymə. Mən ət işi ilə məşğulam deyə üstümdə həmişə bıçaq olur. Belimdəki bıçağı çıxarıb qorxutmaq üçün onun qarnına toxundurdum ki, söyüşü kəssin, amma onu vurmadım. O da başımdan və boğazımdan məni vurdu. Alim bıçağı əlimdən almağa çalışdı. Bayıra da çıxanda mən onu vurdum. Şikayətim yoxdur, barışmışıq. İfadədə guya bacımla oynadığına görə onu vurduğum yazıblar, mən belə bir ifadə işlətməmişəm".
Məhkəmə daha sonra sənədlərin tədqiqi mərhələsinə başladığını elan edib.
Növbəti proses 23 iyun saat 17:30-a təyin olunub.
Xatırladaq ki, hadisə 23 noyabr 2025-ci ildə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Bənövşə" şadlıq sarayında baş verib.
Alim Qasımzadə qohumunun toy məclisində iştirak edən zaman şadlıq evinin dəhlizində əmisi oğlu Hüseyn Qasımov bacısı ilə rəqs etməsinə görə onu restoranın dəhlizinə söhbətə çağırıb. Mübahisə zamanı Alim Qasımzadə onunla kobud danışmasını əsas gətirərək, Hüseyn Qasımovun qarın nahiyəsinə bıçaq zərbəsi endirməklə sağlamlığına ciddi xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanılıb, Alim Qasımzadə Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 221.3-cü (Xüliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddələri ilə məsuliyyətə cəlb olunub./lent.az