Tbilisi prospektində "manatlıq" taksilərin fəaliyyəti dayandırıldı

Bakının Tbilisi prospektində, 20 Yanvar metrostansiyası istiqamətində "manatlıq" taksilərin fəaliyyəti dayandırılıb.

Buna səbəb həmin ərazidə avtobus zolağının salınmasıdır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli "Report"un sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə avtobus zolaqlarının salınması ilə nəqliyyatın hərəkətinə maneə törədən avtomobillərin hərəkəti dayandırılıb:

"Ərazidə artıq avtobus zolaqları salınıb. Taksilərin ərazidə duraraq nəqliyyatın hərəkətinə maneə törətmə halları aradan qaldırılıb. İnzibati Xətalar Məcəlləsində olan son dəyişiklərə əsasən yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə 100 manat məbləğində cərimə edilir. Sözü gedən ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkəti nəzərdə tutulan xüsusi zolağ və həmin zolağı bildirən yol nişanı və nişanlanma xətti mövcuddur və bu kimi qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir. Bütün bunları nəzərə alaraq digər nəqliyyat vasitələrinin sürücülərindən yol hərəkəti qaydalarına riayət olunması xahiş olunur"./"report"