Sumqayıt şəhərində bir ailədə 6 uşağın dəm qazından zəhərlənməsinin təfərrüatı məlum olub.
Hadisə dünən axşam saatlarında şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Qəsəbə sakini Kamil Cəbrayılovun 6 övladı yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib.
K.Cəbrayılov Oxu.Az-a açıqlamasında bildirib ki, onun 9 övladı var:
"Həmişə böyük uşaqlarım azyaşlıları yuyundururdu. Dünən də böyüklər balaca uşaqları yuyundurmaq üçün hamama aparmışdı. Bir müddətdən sonra uşaqlar hamamdan çıxanda gördük ki, rəngləri qaralıb, özlərini pis hiss edirlər.
Hamama baxdıq ki, qızdırıcı qurğu dəm qazı buraxıb. Dərhal təcili yardım çağırdıq, uşaqları xəstəxanaya çatdırdıq. Səhər saatlarında uşaqlardan dördünün vəziyyəti normallaşdığı üçün onları xəstəxanadan evə buraxdılar.
Hazırda digər iki övladım da özlərini yaxşı hiss edir. Onları da xəstəxanadan çıxarırıq".
***14:29
Sumqayıt şəhərində dəm qazından zəhərlənən azyaşlıların sayı altı nəfərə çatıb.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumatda bildirilib ki, dünən axşam saat 18 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına altı nəfər (dörd kişi, iki qadın cinsli) hosptalizasiya olunub.
Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən dörd nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
***12:37
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, qəsəbə sakinləri - 2015-ci il təvəllüdlü Cəbrayılov Cəbrayıl Kamil oğlu, Cəbrayılov Məhəmməd Kamil oğlu (2018), Cəbrayılov Həmzə Kamil oğlu (2019), Cəbrayılova Ayişə Kamil qızı (2021) və Cəbrayılova Gülcənnət Kamil qızı (2024) yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.
Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.