İyunun 16-dan Azərbaycanda milyonlarla sürücünü maraqlandıran mühüm dəyişiklik qüvvəyə minir.
İcbari avtomobil sığortasında illərdir tətbiq edilən sistem dəyişir və məsuliyyət avtomobilin sahibindən daha çox onu idarə edən şəxsə yönəlir. Artıq qəza törədən sürücünün sığorta tarixçəsi formalaşacaq, növbəti illərdə ödəyəcəyi məbləğ də məhz həmin tarixçədən asılı olacaq. İlk baxışda bu, sırf texniki dəyişiklik təsiri bağışlaya bilər. Ancaq məsələnin mahiyyəti vətəndaşın cibinə gedib çıxır. Çünki yeni qaydalar kimlərin daha çox, kimlərin isə daha az sığorta haqqı ödəyəcəyini müəyyənləşdirəcək.
İndiyədək qüvvədə olan “Bonus-Malus” mexanizmi əsasən avtomobil və ya müqavilə sahibi üzərində qurulmuşdu. Nəticədə avtomobili idarə edən şəxslə sığorta riskini daşıyan şəxs arasında uyğunsuzluqlar yaranırdı. Bəzən avtomobil sahibi özü heç sükan arxasına keçmədiyi halda, başqa bir sürücünün törətdiyi qəzanın maliyyə nəticələrini daşımalı olurdu.
Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi dəyişikliklərə əsasən, “Bonus-Malus” sistemi ləğv edilərək onun yerinə fərdi “Sığorta Tarixçəsi Əmsalı” tətbiq olunur. Yeni yanaşmada hər bir sürücünün risk göstəricisi ayrıca hesablanacaq.
Bu o deməkdir ki, qəzanı kim törədibsə, maliyyə yükü də gələcəkdə daha çox onun üzərinə düşəcək.
Yeni sistemin əsas fəlsəfəsi sadədir. Risk yaradan daha çox ödəməlidir. Qaydalar qüvvəyə mindikdən sonra sürücünün təqsiri ilə baş vermiş və sığorta ödənişi həyata keçirilmiş hadisələr onun fərdi sığorta tarixçəsinə təsir göstərəcək. Ekspertlərin hesablamalarına görə, bir qəza növbəti il sığorta haqqının təxminən 30 faizədək artmasına səbəb ola bilər.
Məsələn, bu gün 100 manat sığorta haqqı ödəyən sürücü qəza törətdikdən sonra növbəti il eyni sığorta üçün 130 manat və ya daha çox vəsait ödəməli ola bilər. Təkrarlanan hadisələr isə əmsalın daha da yüksəlməsinə gətirib çıxaracaq.
Mərkəzi Bankın qərarına əsasən, sığorta tarixçəsi əmsalı minimum 0,60, maksimum isə 3 səviyyəsində müəyyən edilib. Bu isə o deməkdir ki, riskli sürücülərin sığorta haqqı nəzəri olaraq baza tarifindən üç dəfə artıq ola bilər.
Dəyişiklik yalnız əlavə ödəniş demək deyil. Qəza törətməyən sürücülər üçün güzəşt mexanizmi saxlanılır. Əgər müəyyən müddət ərzində sürücünün təqsiri ilə heç bir sığorta hadisəsi baş verməzsə, onun sığorta haqqına 5 faiz endirim tətbiq ediləcək. Bu rəqəm ilk baxışda böyük görünməsə də, sistemin məqsədi təhlükəsiz sürücüləri mükafatlandırmaq və riskli davranışın maliyyə nəticələrini artırmaqdır.
Başqa sözlə, illərlə qaydalara əməl edən sürücü artıq başqasının səhvinə görə cəzalandırılmayacaq.
Azərbaycanda minlərlə ailədə avtomobil bir nəfərin adına rəsmiləşdirilsə də, onu bir neçə şəxs idarə edir. Yeni qaydalar məhz bu sahədə ciddi dəyişiklik yaradır.
İndiyədək bəzi hallarda ən yaxşı sığorta tarixçəsinə malik ailə üzvünün adına müqavilə bağlanırdı və beləliklə daha aşağı tarifdən istifadə edilirdi. Yeni mexanizm isə hər sürücünün fərdi tarixçəsinin formalaşdırılmasına yönəlib.
Nəticədə ailənin ən ehtiyatsız sürücüsünün yaratdığı risk artıq bütün ailənin deyil, məhz onun şəxsi sığorta göstəricilərində əks olunacaq.
Sığorta bazarlarında uzun illərdir istifadə olunan əsas prinsip belədir: təhlükəsiz davranış daha ucuz, riskli davranış isə daha bahalı olmalıdır. Azərbaycanda tətbiq olunan yeni model də məhz bu məntiqə əsaslanır.
Əlbəttə, sürücülərin bir hissəsi artan ödənişlərdən narazı qalacaq. Digər tərəfdən isə illərlə qəza etmədən avtomobil idarə edən vətəndaşlar hesab edir ki, nəhayət, sistem daha ədalətli işləməyə başlayacaq.
İyunun 16-dan sonra bir həqiqət dəyişməyəcək. Yol hərəkəti qaydalarını pozmağın qiyməti yenə var. Sadəcə, artıq həmin qiyməti avtomobilin sahibi deyil, sükan arxasında oturan şəxs ödəyəcək./musavat.com