SENSASİYA! Xərçəngin başlanğıc nöqtəsi kəşf edildi

Çex alimləri insan bədənində xərçəngə səbəb olan nəzarətsiz hüceyrə artımının və “yaşam mübarizəsinin” başladığı kritik anı müəyyən etdiklərini açıqlayıblar.

Araşdırma gələcəkdə şişlərin yaranmasının başlanğıc mərhələsində dayandırılmasına yol aça bilər.

Mərkəzi Avropa Texnologiya İnstitutu (CEITEC) və Masaryk University alimlərinin apardığı tədqiqat nüfuzlu “Science Advances” jurnalında dərc olunub. Araşdırmaya Fransada fəaliyyət göstərən çex tədqiqatçı Miroslav Micka rəhbərlik edib.

Alimlər bildirirlər ki, hüceyrələrin bölünüb-bölünməyəcəyinə qərar verən əsas mexanizmlərdən biri olan “Wnt siqnal yolu” əvvəl düşünüldüyü kimi tədricən deyil, qəfil “açılıb-bağlanan açar” prinsipi ilə işləyir. Onların sözlərinə görə, hüceyrə müəyyən həddi keçən anda ani şəkildə “bəli” və ya “xeyr” qərarı verir.

Araşdırmada əsas rol oynayan “DVL” adlı zülalın funksiyası da ortaya çıxıb. Hüceyrə səthindən gələn siqnal bu zülal vasitəsilə daxilə ötürülür. DVL üzərində kimyəvi yüklər müəyyən həddə çatdıqda, zülal strukturunu dəyişərək hüceyrəyə “bölünməyə başla” əmri göndərir. Məhz bu mərhələ xərçəng prosesinin başlanğıcı hesab olunur.

Tədqiqatın müəlliflərindən Konstantinos Tripsianes bildirib ki, elm dünyası siqnalın hansı istiqamətdə getdiyini bilsə də, onun qəfil struktur dəyişikliyi ilə baş verdiyi ilk dəfə sübut olunub.

Mütəxəssislər hesab edirlər ki, gələcəkdə DVL mexanizmini nəzarətdə saxlamaq mümkün olsa, şişlərin böyüməsinin tamamilə qarşısını almaq mümkün ola bilər./musavat.com