Rüşvətə görə həbs edilən vəzifəli şəxslərə ağır cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirləndirilən Mircavad Haşımov və Zakir Kazımovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxsin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Şirvan Apellyasiya Məhkəməsi isə onların şikayətini təmin etməyib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin əməkdaşlarının xidməti fəaliyyətləri zamanı yol verdikləri qanunsuz hərəkətləri barədə həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. İstintaqla məlum olub ki, Xidmətin 6 saylı Ərazi Vergilər Baş İdarəsində şöbə rəisi işləyən Haşımov Mircavad Fərman oğlunun həmin İdarədə böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Kazımov Zakir Mahmud oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq edib. Vergi ödəyicisinin fəaliyyətində aşkar edilmiş pozuntularla bağlı operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməməsinə görə vətəndaşdan 2020-2021-ci illər ərzində 2 dəfə olmaqla, cəmi 20 min manat rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib. Mircavad Haşımov və Zakir Kazımov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinərək barələrində həbs qətimkan tədbiri seçilib.