Rusiyadan Azərbaycana təhvil verilən şəxs məhkəmə zalında azadlığa buraxıldı

Gəncə Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Arif Vəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

Stopnarkotik.az xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilib, təqsirləndirilən şəxsə şərti cəza verilib. Arif Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalında həbsdən dərhal azad olunub.

İttihama görə, hadisə 02 sentyabr 2023-ci il tarixdə saat 20 radələrində Naftalan rayonunda qeydə alınıb.

Belə ki, Elvin Əhmədli, Hikmət Məmişov və Arif Vəliyev bir araya gələrək Elvin Əhmədlinin yaxın qohumunun mənzilindən oğurluq etmələri barədə razılığa gəliblər.

Elvin Əhmədli ev sahibinin ad günündə mənzilin açarını qeyri-qanuni yolla ələ keçirərək Arif Vəliyevə verib və sonuncu mənzilə daxil olaraq oradan ümumilikdə 110 383 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurlayıblar.

Cinayət hadisəsini törətdikdən sonra Arif Vəliyev Hikmət Məmişovla birlikdə əldə etdikləri puldan bir qədər götürüb, qalan hissəsini isə qardaşı Rasiv Məmmədzadəyə verərək saxlamasını istəyib.

Daha sonra Arif Vəliyev ölkə ərazisindən qaçıb və 1 il sonra İnterpolun Milli Mərkəzi Bürosu və Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Rusiya Federasiyasında tutularaq Azərbaycana gətirilib. 

Elvin Əhmədli, Hikmət Məmişov isə 2023-cü ilin sentyabr ayında saxlanılıblar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arif Vəliyev 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. /pravda.az