Rusiyada “qiyamət” qopa bilər

Krımı vuran "əsrin fırtınası" əsrin sonuna qədər bir neçə dəfə təkrarlana bilər.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə klimatoloq Aleksey Kokorin məlumat verib.

Onun sözlərinə görə, qlobal istiləşmə nəticəsində təhlükəli meteoroloji hadisələr daha tez-tez baş verir. Bu hadisələr "görünməmiş" deyil, həm 18-ci, həm də 19-cu əsrlərdə baş vermişdi, lakin indi daha tez-tez görünməyə başladılar.

Kokorin xatırladıb ki, 19-cu əsrlə müqayisədə dünyada istilik dalğaları 5 dəfə, tufanlar 2-3 dəfə daha tez-tez görünməyə başlayıb. O, vurğulayıb ki, dünya ölkələri zərərli maddələrin tullantılarını azaltsalar, təhlükəli hava hadisələrinin tezliyi "məqbul" səviyyədə qala bilər, lakin yenə də artacaq.

O, həmçinin bildirib ki, təbii təhlükələrin artması mühafizə qurğularının tikintisi planlarına yenidən baxılmasına səbəb ola bilər. Əgər belə təbii fəlakətlər tez-tez baş verirsə, onları gücləndirmək lazımdır.

Qeyd edək ki, noyabrın 26-da axşam saatlarında güclü qasırğa Krımı və Krasnodar diyarını bürüdü, küləyin sürəti saniyədə 40 metrə, dalğaların hündürlüyü 9 metrə çatdı. Krıma dəyən zərərin məbləği 1,3 milyard rublu ötüb. Ümumilikdə Rusiyanın cənubunda əlverişsiz hava şəraiti səbəbindən təxminən 1,9 milyon insan işıqsız qalıb.

Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand Krımda baş verən fırtınanı bütün meteoroloji müşahidələr tarixində ən güclü qasırğa adlandırıb.