"Rusiyanın neft məhsullarını daşıyan "Railgo" şirkətində axtarışların aparılması barədə məlumat doğrudur".
Stopnarkotik.az xəbər verir ki, bu barədə Axar.az-a insidentlə bağlı ətraflı məlumatı olan mənbə bildirib.
Onun sözlərinə görə, İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun adına olan "Railgo"nun Lujniki ərazisindəki ofisinə xüsusi təyinatlılar və müstəntiqlər basqın ediblər, sənədlər müsadirə olunub və işçilərə təzyiq göstərilib. Buna baxmayaraq, İsgəndər Xəlilov şəxsi əlaqələrindən istifadə edərək problemin müvəqqəti həllinə nail olub.
Mənbə bildirib ki, Xəlilovlar buna görə məlumatı təkzib etməyi məqsədəuyğun sayırlar.
Həmçinin vurğulanıb ki, İsgəndər Xəlilov və ailə üzvləri hazırda Azərbaycandadırlar, yalnız ailənin kiçiyi Rauf Xəlilov Moskvada qalıb.
*** 21:48
Rusiyanın “Railgo” şirkəti ofislərində axtarış aparılması ilə bağlı məlumatları təkzib edib.
Şirkətdən APA-ya bildirilib ki, bu gün - 25 iyul 2025-ci il tarixində “Railgo”nun ofisində iş adi ştat rejimində aparılıb.
Eyni zamanda, qeyd edilib ki, şirkətlə bağlı heç bir əməliyyat-istintaq tədbiri keçirilməyib.
Qeyd edək ki, “Railgo”nun ofisində axtarış aparılması barədə Rusiyanın "Mash" teleqram kanalı məlumat və foto yaymışdı.
*** 16:52
Rusiyada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin ofisində axtarışlara başlanılıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, səhər saatlarında şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə xüsusi təyinatlılar və müstəntiqlər gələrək sənədləri müsadirə edib.
Onlar həmçinin, əməkdaşların binanı tərk etməsinə də icazə verməyib.
Qeyd edək ki, sözügedən şirkət Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınmasını həyata keçirir. “Railgo”nun daşıdığı neftin bir qismi də Azərbaycana məxsusdur.
Xatırladaq ki, Rəhman Xəlilov məşhur azərbaycanlı oliqarx İsgəndər Xəlilovun oğludur.

