Rusiya və Belarusa bahalı avtomobil satan dəstə yaxalandı - Azərbaycan şirkətinin də adı keçir...

Polşada hüquq-mühafizə orqanları Avropa İttifaqının sanksiyalarını pozaraq Rusiyaya və Belarusa yüzlərlə “lüks” avtomobilin satışını təşkil edən genişmiqyaslı cinayətkar şəbəkəni ifşa edib. Mərkəzi İstintaq Bürosunun məlumatına görə, istintaq çərçivəsində 20 nəfər saxlanılıb.

Cinayətkar dəstə 2021–2025-ci illərdə Polşa, Çexiya, Litva, Almaniya və digər Avropa ölkələrində fəaliyyət göstərib. Onlar əvvəlcə müxtəlif saxta və ofşor şirkətlər yaradır, daha sonra bu qurumların adından əməliyyatlar apararaq real fəaliyyəti gizlədirdilər.

Şəbəkə üzvləri əsasən BMW, “Mercedes”, “Porsche”, “Lexus” və “Range Rover” markalı avtomobilləri Avropa avtosalonlarından alır, müxtəlif şirkətlər arasında saxta satış müqavilələri ilə dövriyyədən keçirərək nəhayət bu avtomobilləri yenidən Polşaya qaytarır, oradan isə Rusiyaya və Belarusa göndərirdilər. Satışlar əsasən Belarus, Azərbaycan və Qazaxıstan şirkətləri vasitəsilə həyata keçirilirdi.

Bundan başqa, cinayətkar qrupla əlaqəli şirkətlər saxta əməliyyatlar nəticəsində 40 milyon zlotı (təxminən 11 milyon dollar) həcmində əsassız ƏDV qaytarışı da əldə ediblər.

İstintaq çərçivəsində saxlanılanlara təşkil olunmuş cinayətkar dəstədə iştirak, saxta ƏDV fakturaları tərtib etmək, çirkli pulların yuyulması və beynəlxalq sanksiyaları pozmaq ittihamları irəli sürülüb. Qrupun üç rəhbərinə qarşı xüsusi ittiham elan olunub və məhkəmə onların hər biri barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə cavab olaraq Moskva ilə yanaşı, onun əsas müttəfiqi Belarus üzərinə də ciddi iqtisadi və ticarət sanksiyaları tətbiq edib. Polşada ifşa olunan bu sxem isə Kremlin və Lukaşenko rejiminin sanksiyalardan yayınmaq üçün istifadə etdiyi gizli kanalların miqyasını göstərir./azpolitika.info