Rasim Məmmədovun işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun şikayəti üzrə məhkəmə prosesi yenidən təxirə salınıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılan iş üzrə keçirilən ilkin baxış iclasında zərərçəkmiş tərəfdən yeni apellyasiya şikayəti daxil olduğu elan olunub.

Şikayətin verilməsinin mümkünlüyünə baxılması üçün iş Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.

Bir müddət əvvəl isə müdafiə tərəfinin məhkəmə protokolları ilə tanış olması üçün iş Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmışdı.

Qeyd edək ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub.