Özəl reabilitasiya mərkəzlərindəki neqativ halları necə yoluna qoyaq?

Narkotik istifadəçilərinin və digər asılılıqlardan əziyyət çəkənlərin böyük əksəriyyəti üçün terapiya yeri reabilitasiya mərkəzləridir. Hazırda Azərbaycanda və dünyanın bir çox ölkələrində bu müəssisələr əsasən özəldir, ödənişli əsaslarla xidmət göstərir.

Narkotik aludəçilərinin ümid yerinə çevrilməklə yanaşı, bəzən bu mərkəzlərdən xoşagəlməz xəbərlər də alınır -pasientlərə qarşı zorakılıq, ölüm halları kimi.

Bir neçə müddət əvvəl reabilitasiya rəhbərlərindən biri belə neqativ hadisə ucbatından həbsə düşdü, daha bir reabilitasiya mərkəzi bağlandı. Belə neqaitv insidentlər cəmiyyətdə söz-söhbətə səbəb oldu.

Bu il iyunun 12-də Görədil qəsəbəsində yerləşən "Reself Lite" Reabilitasiya Mərkəzində də naməlum səbəbdən ölüm hadisəsinin baş verdiyi məlum oldu. Eyni gündə "Həyat üçün şans" Reabilitasiya Mərkəzinin Zığ qəsəbəsində yerləşən filialında müalicə alan şəxslərin də qanunsuz azadlıqdan məhrum edildiyi xəbəri yayıldı. Məlum oldu ki, “Həyat üçün şans” Reabilitasiya Mərkəzinin iki rəhbər şəxsi – İlknur Məmmədova və Rasimə Əliyeva Cinayət Məcəlləsinin bir neçə şəxsi qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin hökmü ilə hər iki şəxs 3 il müddətinə azadlıqdan məhrum edilsə də, onların cəzası himayələrində olan uşaqların 14 yaşına çatana qədər təxirə salınıb.

Bir detalı qeyd etmək yerinə düşər ki, “Həyat üçün şans” Reabilitasiya Mərkəzi adı altında fəaliyyət göstərən mərkəzin əsas rəhbəri Elxiz Alxanov ötən ilin sonunda 10 il 6 ay müddətinə həbs olunub. Elə mətləbə keçməmiş qeyd edək ki, növbəti hadisənin rəhbərin rezidentin ölümündə ittiham edilərək həbs olunduğu eyni mərkəzdə baş verməsi orada vəziyyətin tam qənaətbəxş olmadığına işarə edir. İlk baxışda sadəcə bu nüans bir daha vurğulayır ki, indiyə qədər dövlətin özəl reabilitasiya mərkəzlərinə nəzarət etməsi haqda deyilənlər, təkliflər yerindədir. Dövlət, dövlətin bu sferaya nəzarət etməli qurumları, xüsusilə də Səhiyyə Nazirliyi mütləq özəl reabilitasiyanın işini nizamlamalı, prosesə əl atmalıdır.

"Reself Lite" Reabilitasiya Mərkəzində baş verən ölüm faktına gəlincə, hadisənin səbələri araşdırılır. Qeyd edək ki, uzun illər ərzində narkotik istifadəsi nəinki psixikanı pozur, daxili orqanları da sıradan çıxarır. Hətta insanın fiziki, bioloji sağlamlığının pozulması o dərəcədə dərin olur ki, keçmiş istifadəçi illərlə müalicə ilə tam sağala bilmir. Hətta psixoloji olaraq sağlamlıqlarını bərpa etsələr də, fiziki-bioloji olaraq ömür boyu əlil kimi yaşayırlar, ağrıyırlar. Bəzi hallarda müalicə də bu ağırları aradan qaldırmağa kar etmir. Bu səbəbdən, faktın məğzini bilmədən, ölən şəxsin özünün fiziki-bioloji sağlamlığı sıradan çıxdığına görə, yoxsa hansısa zorakılıq nəticəsində həyatını itirdiyi haqda hər hansı fikir bildirmək düzgün olmaz.

Bir məsələni də qeyd etmək yerinə düşər. Məlumdur ki, aktiv narkotik istifadə edənlərin düşüncəsi sağlam olmur, yəni sağalmaq istəyinə daha çox onlara can yandıran yaxınlarının təkidi ilə gəlirlər, qərar verirlər. Elə reabilitasiya mərkəzinə gəldikdən sonra da orada qalmaq aktiv istifadəçilərə ağır gəlir. Çünki reabilitasiya "komfort zonası", "istirahət zonası" yox, nizam-intizam aşılayır. Reabilitasiya sakinləri üçün nizam-intizam sağalmağın şərtlərindən biridir. Sağalmağa gələn, amma daxili psixoloji müqavimətinin təzyiqi ilə reabilitasiyadakı nizam-intizam qaydalarından yayınmaq istəyənlər təbii ki, bəhanə tapacaqlar. Halbuki onlar psixoloji müvazinətini bərpa etmək üçün reabilitasiyadaxili qaydalara tabe olmalıdırlar. Zatən onları istifadəyə yönəldən səbəblərin arasında xaotik davranışlar, xarakter qüsurları yatır ki, nizam-intizam bu qüsurların islahında önəmli rol oynayır.

Anlamaq lazımdır ki, reabilitasiya istirahət məkanı, otel deyil. Sağlam düşüncəsi olmayan istifadəçilər intizam qaydalardan yayınmaq istəyəndə onları necə yola gətirmək olar?! Əlbəttə, yeri gəlsə əndazəni aşmamaq şərtilə asayişi təmin etmək lazımdır. Onların istəyinə uyğun davranış sərgiləmək mümkün deyil. Bu halda heç bir müalicədən, sağalmadan söhbət gedə bilməz. Ən azı ona görə ki, narkotik istifadəçilərinin bir çoxu sağlam düşüncədən uzaqdır. Məsələn, reabilitasiya mərkəzlərinin birində şahidi olmuşuq ki, aktiv istifadəçilər süpürgə ilə gitara kimi davranır, özlərini "səhnə ulduzu" hesab edirlər. Belə insanlara sərbəstlik verilsə, onlar reabilitasiya müddətini başa vura bilməzlər. Reabilitasiyadan çıxmaq istəyi yenidən narkotikə qayıtmaq duyğusunun tətiklənməsindən də qaynaqlana bilir. Bu səbəbdən, məsələyə bir yox, bir neçə prizmadan baxmaq lazımdır.

Əlbəttə, heç bir halda aşırı sərt rəftara haqq qazandırmaq olmaz. Amma bu xəstəliyin diqtə etdiyi xaotik şəraiti də göz önünə almaq lazımdır.

Sonda onu da deyək ki, irəli sürülən neqativ nüanslara baxmayaraq, hazırda Azərbaycanda narkotik və digər asılılıqlardan xilas yolu özəl reabilitasiya mərkəzləridir. Hələ ki, dövlətin nəzdindəki narkoloji dispanserdə insanın bütün fiziki-bioloji-psixoloji sferalarının tam reabilitasiyası üçün şərait yoxdur. Bu üzdən özəl reabilitasiya mərkəzlərinə uzun müddət ehtiyac olacaq və bu müəssisələr gündəmdə qalacaq. Əgər bu gün ölkədəki narkotik fonu, narkoloji, alkoqol və oyun asılısı olan xəstələrin sayəsində kriminal vəziyyətin vulkanik həddə çatmasının qarşısı alınırsa, burada özəl reabilitasiya mərkəzlərinin də payı az deyil. Bunu danmaq olmaz.

Oradakı neqativ hallara gəlincə, qeyd etməliyik ki, bu sahə bizdə yenidir. Çatışmazlıqların, qüsurların olacağı da aydındır və bu, təbiidir. Amma problemləri kökündən həll etmək üçün reabilitasiya mərkəzlərini ucdantutma pisləmək, onların bağlanmasını istəmək çıxış yolu deyil, əksinə dövlətin yardım və qanun əlini bu sferaya uzatması zəruridir. Məgər insanlarımız ölkənin başqa səhiyyə mərkəzlərindən şikayətçi olmurlarmı? Başqa sahələrdə neqativ hallar mövcud deyilmi? Narkoloji dispanserlərin ortaya qoyduğu nəticələr idealdırmı? Əgər belə mükəmməl nəticələr var idisə, o zaman özəl reabilitasiya mərkəzlərinə ehtiyac olardımı?

Uzun sözün qısası, neqativ halları dövlət-ictimaiyyət müzakirələri ilə yoluna qoymalıyıq.

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az