4,5 milyon insan üzərində aparılan bir araşdırma göstərir ki, elektron siqaret çəkməyə başlayan keçmiş siqaret çəkənlərin ağciyər xərçəngindən ölmə riski elektron siqaretə keçmədən siqareti tərgidənlərə nisbətən daha yüksəkdir.
Stopnarkotik.az xəbər verir ki, 4,5 milyondan çox insan üzərində aparılan araşdırmaya görə, siqareti tərgitən, lakin yenə də veyp çəkənlərin ağciyər xərçənginə tutulma ehtimalı tamamilə tərgitənlərə nisbətən 50 faizdən çoxdur. Lakin tədqiqat həmçinin vurğulayır ki, siqareti tərgitmək üçün elektron siqaretə keçmək siqaretə davam etməkdən daha təhlükəsizdir.
"Tədqiqat, elektron siqaretlərin əvvəlcə iddia edildiyi qədər aşağı riskli olmadığına dair sürətlə artan dəlillər toplusunu ortaya qoyur", deyə Avstraliyanın Sidney Universitetindən Bekki Friman bildirib.
"Siqareti tərgitməyə çalışan insanların əvvəlcə digər daha təhlükəsiz effektiv üsulları sınamaları və yalnız tərgitmək mümkün olmadıqda, digər üsullardan əlləri üzüldükdən sonra elektron siqaretlərdən istifadə etmələri vacibdir".
Böyük Britaniyada 2024-cü ildə bu vərdişdən imtina edən siqaret çəkənlərin 40%-dən bir qədər çoxu tərgitmək üçün elektron siqaretlərdən istifadə edib və keçmiş siqaret çəkənlərin 20%-i vərdişdən imtina etdikdən bir il və ya daha çox müddət sonra veyp çəkirdi. Bəziləri elektron siqaretlərin siqaretdən uğurla imtina etməyin bir yolu olduğunu iddia etsələr də, hava yollarının qıcıqlanması, ağciyər funksiyasının azalması və heyvan tədqiqatlarında ağciyər xərçəngi elektron siqaretlə əlaqələndirilib.
Elektron siqaretlərin insanlara təsirlərini daha yaxşı başa düşmək üçün Cənubi Koreyadakı Seul Milli Universitetindən Yeon Wook Kim və həmkarları 2018-ci ildən 2023-cü ilə qədər Koreya Milli Sağlamlıq Müayinəsi Proqramında iştirak edən 4,5 milyondan çox yetkin siqaret çəkən şəxsi izləyiblər.
İştirakçılar hazırda siqaret çəkənlər, qısamüddətli tərgitənlər (ən azı 2018-ci ildən bəri siqaret çəkməyənlər) və ya uzunmüddət öncə tərgitənlər (ən azı 2014-cü ildən bəri siqaret çəkməyənlər) kimi təsnif ediliblər. 2018-ci ildən 2023-cü ilə qədər iştirakçılar arasında 35.887 ağciyər xərçəngi və 12.807 ölüm hadisəsi qeydə alınıb. Tədqiqatçılar bu məlumatları iştirakçı qruplarına və elektron siqaret istifadəsini özləri bildirənlərə görə təhlil etdikdə, ağciyər xərçəngindən ölüm riskinin veyp çəkən keçmiş siqaret çəkənlər arasında veyp çəkməyənlərə nisbətən xeyli yüksək olduğunu aşkar etdilər.
Kim deyir ki, "Siqaretdən tamamilə imtina edənlərlə müqayisədə, tərgitdikdən sonra elektron siqaret istifadə edən şəxslərdə risk 56 faiz daha yüksək idi".
Tam aydın nəticə üçün uzunmüddətli tədqiqatlar tələb olunur, lakin elektron siqaretlərdəki bəzi kimyəvi maddələrin DNT-ni zədələməsi irəli sürülüb. Veyp həmçinin oksidləşdirici stress (bədəndə sərbəst radikallar adlanan molekullar və antioksidantlar arasında balanssızlıq, hüceyrə zədələnməsinə səbəb olur), epigenetik dəyişikliklər (genlərimiz ətraf mühitdən təsirləndikdə) və tənəffüs və ağız toxumalarında iltihabla əlaqələndirilib.
Stopnarkotik.az