Dələduzluq ittihamı üç il azadlıqdan məhrum edilərək bir müddət sonra azadlığa buraxılan keçmiş vəkil Ruhid Əkbərov yenidən cinayət məsuliyyətinə cəlb edilib.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Əkbərov bu dəfə də dələduzluqda ittiham olunur.
Daha əvvəl iki nəfərin şikayəti ilə 3 il həbs cəzası almış hüquqşünasdan bu dəfə 1 nəfər şikayətçidir. İttihama görə, R.Əkbərov zərərçəkmişə hansısa cinayət işi ilə bağlı müsbət qərara nail olacağı barədə yalan vəd verərək onun 55 min manata yaxın pulunu ələ keçirib.
R.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Məhkəmənin sonuna kimi onun haqda həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ruhid Əkbərov hazırda həbsdə olan “Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin də vəkili olub.
O, 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəldəuzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib. Bütün istintaq boyu azadlıqda olan 13 saylı Vəkil bürosunun vəkili məhkəmə zalında həbs edilmişdi. Sonradan cinayət əməlinə görə Vəkillər Kollegiyası üzvlüyündən xaric edilib.