Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayıtdıqları iddia edilir. Bildirilir ki, bəziləri bu evlərdən yaşamaq yox, yeni gəlir mənbəyi kimi istifadə edir. Xüsusilə də işğaldan azad olunan ərazilərə kütləvi turist axınından sui-istifadə edilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (Qaçqınkom) axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət proqramına əsasən, Dövlət Komitəsi məcburi köçkünlərin köçürülməsi ilə məşğul olur:
"Qarabağ və Şərqi Zəngəzurda yaşayış sahələrinin istismarı qaydalarını yoxlamaq komitənin səlahiyyətində deyil”.
Qeyd edək ki, Bakı və Bakıətrafında məcburi köçkünlər üçün salınan qəsəbələrdə vaxtaşırı reydlər keçirilir, ev verilən şəxslərin həmin mənzillərdə yaşayıb-yaşamadığı təsbit edilirdi. Dövlətin verdiyi evdə yaşamayıb, ondan qazanc məqsədilə istifadə edən və kirayə verənlər aşkarlanırdısa, həmin mənzil dərhal geri alınır, ehtiyacı olana təqdim edilirdi.
Bu təcrübənin işğaldan azad edilmiş ərazilərdə də tətbiq ediləcəyi istisna deyil.