“Qara İmişlinski”yə hökm oxundu: "Avtomatı ona görə üzərimdə gəzdirirəm ki..." - VİDEO

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində "Kalaşnikov” markalı avtomat gəzdirən, "kriminal dünya"da "Qara İmişlinski” adı ilə tanınan şəxsə hökm oxunub.

Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 1987-ci il təvəllüdlü İmişli rayon sakini Qasıməli Qasımov Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 2680 manat cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 2680 manat cərimə cəzası təyin edilib. 

Məhkəmə istintaqı zamanı Qasıməli Qasımov ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, Bakıya işləmək üçün gəldiyi zaman Nəsimi rayon ərazisində saxlanılıb. 

Nəsimi rayon Polis İdarəsinin əməkdaşı izahatında bildirib ki, 31 yanvar 2023-cü il tarixdə Qasıməli adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah və sursatların olması barədə 21-ci Polis Bölməsinə məlumat daxil olub. Həmin məlumatı yoxlamaq məqsədi ilə 21-ci PB-nin rəhbərliyi adına raportla müraciət edib. Sonra əməliyyat qrupu yaradılıb, Qasıməli adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunub. Əldə edilmiş məxfi məlumat əsasında Qasıməlinin gedə biləcəyi ünvan müəyyən olunub. 31 yanvar 2023-cü il tarixdə 11:30-da Qasıməli  piyada hərəkətdə olan zaman yaxınlaşaraq özlərini təqdim ediblər. Ona qanunsuz olaraq odlu silah və sursatlarının əldə etməsi, saxlaması, gəzdirməsi və satması ilə bağlı məlumata malik olduqlarını bildirib və üzərinə baxış keçirilməsi məqsədilə Polis İdarəsinə dəvət ediblər. Əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq şəxs 21-ci PB-nə gətirilib. 

Təqsirləndirilən şəxsin belində gəzdirdiyi üzərində "SHUNXİNL” yazısı olan çantadan darağında 3 ədəd patron olan "Kalaşnikov" markalı avtomat çıxıb.  

O, avtomatı 2018-ci il tarixdə İmişli şəhərində Araz çayının qırağındakı qamışlıqdan tapdığını, özünün əvvəllər kriminal aləmin üzvü və düşməni olduğu üçün avtomatı özündə saxladığını, kriminal aləmdə ləqəbinin "Qara İmişlinski” olduğunu bildirib. Həmçinin təqsirləndirilən şəxs işləmədiyindən pula ehtiyacı olduğu üçün avtomatı satmaq məqsədilə üzərində gəzdirdiyini deyib.