“Putin Ukraynaya nüvə zərbəsi endirəcək” – “Yalnız Zelenskinin məhvi...”

Bu gün Ukrayna mətbuatında Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin yeni məqaləsi dərc edilib.

Böyük əks-səda doğuran məqalədə Putin Rusiyasının Ukrayna ilə bağlı planlarından və Kremlin nüvə silahından istifadə perspektivindən söz açılır.

Saakaşvili yazır ki, hələ 2009-cu ildə Putinin Krıma hücum edəcəyini və Ukraynanı nüvə silahı ilə vuracağını deyib: “2009-cu ildə Münhen konfransında o vaxtkı ABŞ vitse-prezidenti Co Baydenlə görüşdən sonra “Mandarin Oriental” otelində köhnə dostum Riçard Holburkla və ABŞ Dövlət katibinin birinci müavini(MKİ-nin indiki direktoru) Uilyam Börnslə nahar edirdim. Mən dedim ki, Putin Krımdan başlayaraq, Ukraynaya müdaxilə edəcək və ikincisi, mən əmin idim ki, hər zaman “qırmızı xətləri” bir qədər də irəli çəkən Rusiya Ukraynada mütləq taktiki nüvə silahından istifadə edəcək. Ondan ötrü ki, hamını qorxutsun və NATO-nu gözdən salsın. Həmsöhbətlərim mənim Krım barədə dediklərimi müzakirə etməyə hazır olsalar da, nüvə silahı haqda dediklərimi 2008-ci il müharibəsində zədələnmiş və yanmış təxəyyülümün məhsulu hesab etdilər. Və budur, indi bunu ciddi olaraq ABŞ Prezidenti Co Bayden deyir. Mən hesab edirəm ki, Putinin son aylar etdikləri “qırmızı düymə”nin basılmasına hazırlıqdır”.

Saakaşvili bildirir ki, Ukrayna əks-hücumu mütləq Rusiya müdafiəsinin yarılması ilə nəticələnəcək və bu, Putinin nüvə silahı ilə bağlı dəhşətli ssenariyə əl atmasına gətirib çıxaracaq: “Bəzilərinin Ukrayna hücumu ilə bağlı skeptik yanaşmalarına baxmayaraq, Moskvada dəqiq bilirlər ki, Ukrayna ordusunun indiki imkanları daxilində onlar(rusiyalılar-red) dəqiq Azov sahili boyunca 100 kilometr enindəki dəhlizi saxlaya bilməyəcəklər və gec, ya tez onların müdafiəsi yarılacaq. Krım körpüsü məhv ediləcək, Ukrayna ordusu Krıma girişin astanasında dayanacaq. Mühasirəyə düşən Krım qruplaşması məhvə məhkum olunacaq və bu vaxt Moskvada mütləq Kreml hakimiyyətinin dağılması başlayacaq. Buna yol verməmək üçün Putin qərarların qəbul edilməsi mərkəzlərini, yəni, Kiyevin mərkəzini taktiki nüvə silahı ilə vurmağı planlaşdırır. Bunun üçün yəqin ki, Belarusda hansısa təxribat təşkil olunacaq və görüntü yaradılacaq ki, məhz Minsk Moskvanı öz müttəfiqini müdafiə üçün hərəkətə keçməyə məcbur edib. Bu, müharibənin sürətlənməsinə səbəb olacaq. Putin gözləməyəcək ki, Ukrayna “F-16”-lar alsın. Bu zaman vacibdir ki, Amerika verdiyi vədə əməl etsin və bunu mənim köhnə tanışımın dili ilə İstanbulda ruslara çatdırsın, həmçinin Ukraynadakı işğalçıların, eləcə də Belarusdakı və Rusiyanın özündəki lojistik mərkəzlərin məhv edilməsi üçün özünün bütün adi silahlarından istifadə etsin. Bu zaman NATO-nun 5-ci maddəsini işə salmaq üçün Polşanın Jeşuvdakı ən böyük logistika mərkəzinə(Rusiya tərəfindən) taktiki nüvə zərbəsi endirilməsini də istisna etmirəm. Güman edirəm ki, söhbət 2-3 nüvə mərmisindən getdiyi halda, NATO adi silahlarla cavab verməklə kifayətlənəcək.

 

Bəs Putin bütün bunlardan nə qazanacaq?

Birincisi, müharibə indiki kimi davam etsə, hamıya aydın olacaq ki, Rusiya uduzub. Belədə isə (nüvə silahı tətbiq olunacağı halda-red) şans yaranır ki, ilk gözünü qırpan Vaşinqton olacaq. Yox, əgər gözünü qırpmasa, bunun da öz hesablaması var. Bu halda belə çıxacaq ki, Putin müharibəni Ukraynaya yox, NATO-ya uduzur və bu, xüsusilə prezident seçkisi öncəsi ona öz ətrafını və Rusiya cəmiyyətini birləşdirməyə əsas yaradacaq”.

Saakaşvili yazır ki, ukraynalılar bu ssenarinin reallığını anlamalı, ona hazır olmalı, ölkə rəhbərliyini, ən əsası isə Prezident Volodimir Zelenskini qorumalıdırlar: “Zelenski azad dünyanın liderinə çevrilib və azad dünyanın nüvə hücumuna reaksiyası sağ və bütöv Ukrayna Ali Baş Komandanının mövqeyindən və çağırışlarından asılı olacaq. Mən əminəm ki, Andrey Yermak(Ukrayna Prezident Ofisinin rəhbəri-red.) və komandası artıq oturub bu ssenarini də hesablayırlar. Unutmamalıyıq ki, bunlar müharibənin sürətlənməsi, daha tez çözülməsi və Ukraynanın qələbəsilə başa çatması ssenariləridir. Ancaq əlbəttə ki, fiziki təhlükələrdən də sığortalanmaq lazımdır.

Yadda saxlamaq lazımdır ki, yalnız Zelenskinin məhv edilməsi Rusiyanı qismən xilas edə bilər. Bütün qalan şeylər isə az öncə Zalujnının dediyi kimi, plan üzrə gedir”./azpolitika.info