PUTİN TRAMPDAN BUNU TƏLƏB EDİR - “Avropa isə bu ideyanı heç cür bəyənmir”

Vladimir Putin ABŞ Prezidenti Donald Trampın təklif etdiyi atəşkəs müddəti ərzində Ukraynaya bütün silah tədarükünün dayandırılmasını tələb edir.

Bu barədə “Bloomberg” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşr yazır ki, məlum olduğu kimi, bu gün Tramp və Putin telefonda danışacaq və Ukraynada müharibənin dayandırılmasını müzakirə edəcəklər. Məqəsəd Rusiyanı 30 günlük atəşkəsə razı salmaq olacaq.

Qəzetə Rusiyanın mövqeyi ilə tanış olan bir yüksək rütbəli avropalı məmur və üç Rusiya rəsmisi deyib ki, Putin silah tədarükünün dayandırılmasını atəşkəs sazişinin imzalanması üçün ilkin şərt kimi irəli sürüb.

Rusiya rəsmiləri əlavə edib ki, Putin ümumiyyətlə Ukraynaya bütün silah tədarükünü dayandırmaq istəyir, lakin minimum məqsəd ən azı ABŞ yardımını dayandırmaqdır. Həmçinin, danışıqlardan məlumatlı olan bir Rusiya rəsmisi qəzetə deyib ki, Putinin tələb etdiyi silah tədarükünün dayandırılması müvəqqəti xarakter daşıyacaq və sülh sazişindən sonra bərpa olunacaq. Lakin o şərtlə ki, sülh sazişində Ukrayna Silahlı Qüvvələrinə dair məhdudlaşdırmalar yer alsın.

Yüksək rütbəli Avropa rəsmisi isə qeyd edib ki, Avropa bu ideyanı heç də bəyənmir. Orada qorxurlar ki, atəşkəs dövründə Putin öz ordusunu yenidən silahlandıracaq, Ukrayna isə belə bir addım ata bilməyəcək.

Yada salaq ki, Böyük Britaniya və Avropa İttifaqı Ukraynaya yeni hərbi yardım paketlərinin çatdırılmasını sürətləndirməyə çalışır.

Nəşr qeyd edib ki, Putin ABŞ-nin müharibəni dayandırmaq təklifini dəstəkləyir, lakin bunun üçün Ukraynanın bir sıra şərtləri yerinə yetirməsini tələb edir./azpolitika.info