Putinə qarşı qiyam edən məşhurların sirli ölümü: Litvinenko, Nemtsov, Berezovski...

Rusiya prezidenti Vladimir Putinə qarşı hərbi qiyam qaldıran “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojin ötən gün təyyarə qəzadında öldü. Hərbi icmalçılar Yevgeni Priqojinə məxsus "Embraer Legacy" təyyarəsinin Tver vilayətinin səmasında qəzaya uğramasına inanmır, onun Kreml rəhbərinin sifarişi ilə vurulduğunu iddia edirlər. Başqa sözlə deyirlər ki, “Vaqner”in başçısı Priqojin ölmədi, Putinin sifarişi ilə öldürüldü.
Rusiyalı jurnalist Maykl Naki isə deyib ki, Putin Priqojini nümayişkəranə şəkildə öldürdü..

Rusiyada prezident Vladidmir Putinə qarşı çıxan məşhur simaların bir çoxu oxşar aqibət yaşayıb. Yəni, Priqojin aradan götürülən ilk qiyamçı deyil. Daha əvvəllər də Putini tənqid edən və Rusiyada böyük səs-küy yaratmağa nail olan xeyli tanınmış şəxs müəmmalı şəkildə ölüb.

2000-ci ildə Böyük Britaniyaya qaçan Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı - polkovnik-leytenatı Aleksandr Litvinenko Putin hakimiyyətinin ən fəal tənqidçisinə çevrilmişdi. Litvinenko “FTX Rusiyanı partladır” adlı kitabında 90-cı illərin sonunda Rusiyanı bürüyən terror aktlarını məhz Federal Təhlükəsizlik Xidmətinin törətdiyini bildirirdi. Onun fikrincə, bu terror aktları Vladimir Putini hakimiyyətə gətirmək üçün planlaşdırılmışdı. 2006-cı il noyabrında Londondakı otellərdən birində keçmiş həmkarları Andrey Luqavoy və Dmitri Kovtunla görüşərək çay içən Litvinenko zəhərlənmiş və daha sonra ölmüşdü. Britaniya xüsusi xidmət orqanları onun ölümünə səbəb kimi çayına “Polonim-210” maddəsinin qarışdırılmasını göstərmişdilər. Britaniya hökuməti əminliklə bildirmişdi ki, Aleksandr Litvinenko Rusiya iqtidarının sifarişi ilə öldürülüb.

Putinə qarşı qiyam edən məşhurların sirli ölümü: Litvinenko, Nemtsov, Berezovski...
Rusiyanın tanınmış müxalifət lideri Boris Nemtsovun qətli də unudulmayıb.
Nemtsov Rusiya baş nazirin birinci müavini olmuşdu. O, Rusiyanın ən perspektivli siyasətçisi hesab olunur və gələcək prezident qismində görülürdü.
2011-ci ildə parlament seçkilərinin nəticələrinə qarşı kütləvi küçə mitinqlərinə başçılıq edən Boris Nemtsov Kreml hakimiyyətini demokratiyanı boğmaqda və məmur rüşvətxorluğuna şərait yaratmaqda ittiham edirdi.
2015-ci ilin fevralında Boris Nemtsov Moskvanın mərkəzində qətlə yetirildi. Onun kürəyinə dörd dəfə atəş açılmışdı.
Nemtsovun qatilləri kimi çeçenlər həbs olundu. Moskva hərbi məhkəməsi qətldə təqsirli bilinən Zaur Dadayevi 20 il, Anzor Qubaşevi 19 il, Şadid Qubaşevi 16 il, Temirlan Eskerxanovu 14 il və Həmzət Baxayevi 11 il müddətinə azadlıqdan məhrum etdi.
Nemtsovun Kremlin sifarişi ilə öldürüldüyünü güman edənlər bu günə kimi öz iddialarında qalırlar.

Anna Politkovskaya 90-cı illərin əvvəllərindən Rusiya müstəqil mətbuatının tanınmış nümayəndələrindən idi. “Meqapolis Ekspress”, “Novaya qazeta” kimi nəşrlərdə çalışan Politkovskaya araşdırmaçı jurnalist kimi məşhurlaşmışdı. O, daha çox Çeçenistan müharibəsi ilə bağlı araşdırmalar edir, Rusiya ordusunun münaqişə bölgəsində törətdiyi özbaşnalıqlardan, adam oğurluqlarından və korrupsiyadan geniş yazılar yazırdı. Politkovskaya həmçinin Çeçenistan rəhbəri Ramzan Kadırovu da müxtəlif cinayətlərdə ittiham edirdi. Anna Politkovskaya “Putin Rusiyası” və “Putinsiz Rusiya”, “Çeçensitan: Rusiyanın utancı” sənədli kitablarının müəllifi idi.
O, 2006-cı il oktyabrın 7-də öz evinin qarşısında muzdlu qatil tərəfindən öldürülmüşdü.

Məşhur rusiyalı oliqarx, uzun müddət Londonda mühacir həyatı yaşayan Boris Berezovski də Putin hakimiyyətinin sərt tənqidçilərindən idi. Onun cəsədi 2013-cü ilin martında Londonun kənarında yerləşən evinin vanna otağında aşkar olunmuşdu.
Berezovskinin gah intihar etdiyi, gah da zorakılıqla öldürüldüyü barədə ziddiyətli xəbərlər yayılıb.
1993-1994-cü illərdə bizneslə məşğul olan Berezovski o zamankı prezident Boris Yeltsinin yaxın ətrafına daxil ola bilmişdi. 1999-cu ilin dekabrında o, Dövlət Dumasına deputat seçilmişdi. 2000-ci ilin iyulundan B.Berezovski deputat mandatından imtina edərək Rusiya prezidenti Vladimir Putinə qarşı müxalif mövqedən çıxış etməyə başladı.
Məhz bu səbəbdən elə həmin ildə o, Rusyanı tərk etdi. Amma Rusiya hüquq-mühafizə orqanları ona qarşı dövlət əmlakını talamaq maddəsilə cinayət işi açdılar.
Boris Berezovski Rusiyada qiyabi məhkum olunmuşdu. Moskva oliqarxın ekstradisiyasını tələb etsə də, buna nail ola bilməmişdi.
Berezovski 2003-cü ilin sentyabrından Britaniya daimi siyasi sığınacaq almışdı. O Kremli keçmiş kəşfiyyatçı Litvinenkonu öldürməkdə ittiham etmişdi.
B.Berezovskiyə qarşı 6 dəfə sui-qəsd cəhdləri edilmişdi. 2007-ci ildə Londonda baş verən sonuncu sui-qəsd cəhdində sürücüsü həlak olmuş, mühafizəçisi ağır yaralanmış, Berezovski isə yüngül xəsarət almışdı./modern.az