“Putin özünü I Pyotrla müqayisə edir” – “Rusiya Ukraynada qələbə qazansa, dayanmayacaq”

“Putin Ukraynada qələbə qazansa, böyük ehtimalla dayanmayacaq. Kreml sahibi artıq işğal etdikləri ilə öyünür və özünü 18-ci əsrin məğlubedilməz rus çarı I Pyotrla müqayisə edir. O, müharibənin əvəlində işğalı müdafiə tədbiri kimi göstərərək, NATO-nun genişlənməsini və xəyali "Ukrayna nasistləri"ni günahkar göstərirdi. Döyüş meydanında vəziyyəti yaxşılaşdıqda isə "tarixi rus torpaqlarının" qaytarılmasından danışmağa başladı”.

Amerikanın “Atlantic Council” analitik mərkəzinin yazısında belə deyilir.

Yazıda qeyd olunur ki, Ukraynaya Qərb tərəfindən dəstək verilməməsinin səbəblərindən biri də məğlubiyyətdən sonra Rusiya Federasiyasının tamamilə dağılması və həmin ərazilərdə xaos olması qorxusudur.

Lakin mütəxəssislər hesab edirlər ki, bu yanaşma səhvdir və Rusiyanın Ukraynadakı mümkün qələbəsi Qərb üçün daha böyük təhlükə yaradacaq, nəinki onun məğlubiyyəti: “Ukraynadakı məğlubiyyət Rusiya dövlətinin xaotik dağılmasından daha çox Putin rejiminin süqutuna və islahatlar dövrünün başlanmasına səbəb ola bilər. Keçmişdə Rusiyanın digər səs-küylü məğlubiyyətlərindən sonra məhz belə olub. Krım müharibəsindəki məğlubiyyət təhkimçiliyin ləğvinə gətirib çıxardı, 1905-ci ildə Yaponiya ilə müharibədə məğlubiyyət rus parlamentarizminin yaranmasına səbəb oldu. Hazırkı işğal da məğlubiyyətlə başa çatarsa, Rusiyanın bundan zərərsiz çıxacağına inanmaq üçün bütün əsaslar var. Ukraynadan geri çəkilmək Rusiyanın milli qüruruna dərin bir yara olsa da, çətin ki, Rusiya üçün ekzistensial təhlükə yaratsın".

Analitiklər Rusiyanın Ukraynadakı qələbədən sonra həddindən artıq tükənəcəyi və buna görə də yeni təcavüzə cəsarət etməyəcəyi arqumentini də rədd edirlər: “Təəssüf ki, bu cür arqumentlər Rusiyanın Ukraynadakı uğurunun təsirini nəzərə almır. Rusiyanın qələbəsi Kremlə beynəlxalq dəstəyin artmasına səbəb olacaq və Qlobal Cənub ölkələrini Moskva ilə daha sıx əlaqələr qurmağa tələsdirəcək”/azpolitika