"Övladımı qaçıracağı ilə hədələyirdi" - Azər Qasımlının işində zərərçəkmiş ifadə verdi

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Qurbanəli Yusifovun nümayəndəsi çıxış edib.

Nümayəndə bildirib ki, zərərçəkmişlə təzə müqavilə bağlayıb, cinayət işi ilə tanış deyil. O, məhkəmənin təxirə salınmasını, işlə tanış olması üçün vaxt verilməsini istəyib.

A.Qasımlının vəkilləri buna etiraz ediblər. Vəkil Rövşanə Rəhimli bildirib ki, zərərçəkmiş şəxs iyulun 17-d elektron məhkəmə sisteminə məktub yerləşdirib və vəkilin iyulun 24-ə kimi məhkəməyə gələ bilməyəcəyini qeyd edib: "Bu gün də iyulun 30-du. Həmin axtdan 6 gün keçib. Bu, bir daha sübut edir ki, vaxt istəməklə süründürməçilik edirlər".

A.Qasımlının digər vəkili Aqil Layıc da vəsatətin rədd edilməsinə tərəfdar olub. Qeyd edib ki, cinayət işi ilə tanış olmaq üçün zərərçəkmiş şəxsə vaxt verilməsi üçün qanunda birbaşa heç bir hal nəzərdə tutulmayıb.

Yerində müşavirə keçirən hakimlər heyəti vəsatəti təmin etməyib.

Daha sonra zərərçəkmiş qismində Q. Yusifov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi yoxdur. Onun sözlərinə görə, dostluq münasibətləri olub, bir-birlərinin evinə qonaq gediblər: "Biz REAL partiyasında tanış olmuşuq. Mən partiyanın iclaslarında iştirak etmişəm. Partiyadan ayrılandan sonra da münasibətlərimiz davam edib".

Zərərçəkmişin sözlərinə görə, A.Qasımlı ona borclu olduğunu iddia edir: "Mənim ona borcum olmayıb. Bizim işbirliyimiz vardı. Kriptovalyuta işi ilə əlaqəm olub. Bununla bağlı mənim çıxışlarım da var. Çıxışlarımda bunun qazancı olduğu kimi risklərini də izah etmişəm. Azər Qasımlı da bu işlə məşğul olmaq istəyirdi. Ona qazancla yanaşı uduzmaq risk barədə də demişəm. Mənim heç vaxt hesabdan çıxarış etmək imkanım olmayıb. Bununla bağlı kommersiya məhkəməsində sözümü demişəm.

Azər 20 min dollar yatırım etmişdi. Müharibə dövründə internet olmayanda kriptovalyutaların dəyəri düşdü. Məndən ziyanın əvəzi olaraq bitkoin tələb etməyə başladı. Ona bitkoin almadığımı dedim. Axırda pulunu qaytarmağa razılaşdım. Amma məndən pul yox, bitkoin tələb etməyə başladı".

Zərərçəkmiş bildirib ki, birinci dəfə təzyiq altında 45 min dollar borclu olmağı barədə sənəd imzalayıb. Onun sözlərinə görə, Azər ona tez-tez zəng edib, nəhayət, onun əlindən ölkədən getməli olub: "Sonra zəng edib ailə üzvləri ilə hədələməyə başladı. Övladımı qaçıracağı ilə hədələyirdi. Həmin dövrdə Antalyada olduğumu bilirdi. Mənə dedi ki, ora da əlim çatır, səni orada da məhv edəcəm".

Proses sentyabrın 10-da davam edəcək.

İttihama görə, Azər Qasımlı zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib.

A.Qasımlı kriptovalyuta oyunları üzrə gəlir əldə etmək üçün qeydiyyatdan keçib və daha sonra tanışı Q. Yusifovun da adını qazanc əldə etmək üçün qeydiyyata salıb. Daha sonra gəlir aşağı düşdüyü üçün zərərçəkmişi günahlandırıb. Ondan 45 min ABŞ dolları tələb edib. Əks halda özünü, ailə üzvlərini öldürəcəyi, azyaşlı uşağını oğurlatdıracağı ilə hədələyib, ondan həmin məbləği tələb etməyə başlayıb. Bundan sonra o, hədə-qorxu yolu ilə zərərçəkmişlə görüşüb, onu 10 min dollar borcu olması barədə sənədə etirafedici imza atmağa məcbur edib.

Bundan savayı, A. Qasımlı zərərçəkmiş şəxsə mesaj yazıb, azyaşlı övladının oxuduğu məktəbin yerini deməklə onu oğurladacağı ilə hədələyib. Bu yolla zərərçəkmişdən 6800 manat almağa nail olub.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, özünün zərər çəkdiyini bildirib./"Teleqraf"