Ordu üçün ayrılan pulları mənimsəyən məmurlar saxlanıldı

Ukraynada ordunun ehtiyacları üçün ayrılan büdcə vəsaitlərini mənimsəməkdə şübhəli bilinən 30 məmur reydlər zamanı saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məmurların tutulması əməliyyatında Baş Prokurorluğun, Dövlət İstintaq Bürosunun, Ukrayna Təhlükəsizlik Xidmətinin, milli polisin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Reydlər Müdafiə Nazirliyinin rəhbərliyi və ölkə silahlı qüvvələrinin köməyi ilə həyata keçirilib.

Ümumilikdə 70 axtarış aparılıb. İstintaqın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ayrılan pulların oğurlanmasında respublikanın demək olar ki, bütün regionlarında mənzil istismar idarələrinin əməkdaşları iştirak ediblər. Xüsusilə, Nikolayev, Dnepropetrovsk, Jitomir, İvano-Frankivsk, Çernovtsi, Zakarpat vilayətlərinin, həmçinin  Xarkov,  Lvov və Kropivnitskidən olan məmurlar saxlanılıb.

Dövlətə dəyən ümumi zərər 138 milyon UAH (təxminən 3,3 milyon dollar) təşkil edib.