Artıq ABŞ Senatındakı respublikaçılar da Demokratlara qoşularaq Prezident Donald Trampı ölkənin NATO-dan çıxması ilə bağlı açıqlamalarına görə tənqid edirlər.
"The Guardian" qəzetinin məlumatına görə, Senatın NATO Nəzarət Qrupunun həmsədri olan Respublikaçı senator Tom Tillis və Demokrat senator Cin Şaxin bununla bağlı bəyanat yayıblar.
"NATO bizə hücum edildikdə Amerikanın yanında oldu və 11 sentyabrdan sonra köməyimizə çatdı. Onların əsgərləri Əfqanıstanda bizim qoşunlarımızla birlikdə döyüşdülər və həlak oldular. NATO-dan çıxmağı düşünən hər hansı bir prezident təkcə Vladimir Putin və Si Cinpinin ən ümdə arzularını gerçəkləşdirməklə kifayətlənmir, həm də Amerikanın milli təhlükəsizlik maraqlarını sarsıdır", - deyə Tillis və Şaxin bildiriblər.
Bir gün əvvəl Senatın keçmiş Respublikaçı lideri Miç Makkonnell və Demokrat senator Kris Kuns da oxşar mövqe ifadə ediblər. Birgə bəyanatda onlar "NATO qoşunlarının Əfqanıstanda və İraqda Amerika qoşunları ilə birlikdə döyüşdüyünü və həlak olduğunu" xatırladıblar və ABŞ-nin bu qurbanları və müttəfiqlərinin məsuliyyətlərini qiymətsiz etməməli olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, ittifaq daxilində fikir ayrılıqlarına baxmayaraq, "NATO güclü və birləşmiş olduqda amerikalılar daha təhlükəsizdir".
Bununla yanaşı, Trampın ümumiyyətlə, ABŞ-ni NATO-dan çıxarmaq səlahiyyəti böyük sual altındadır. "The Guardian" qəzetinin qeyd etdiyi kimi, ABŞ-nin NATO-dan çıxması ciddi siyasi maneələrlə üzləşəcək. Belə ki, 2024-cü il qanununa əsasən, Prezident Senatın üçdə ikisinin dəstəyi və ya Konqresin ayrıca bir aktı olmadan belə bir qərar verə bilməz. Görünür, Co Bayden hakimiyyəti Trampın qalib gələcəyi halda belə bir addım atmağa çalışacağını bildiyindən bu cür qanunun qəbuluna nail olub…
Bu açıqlamalar fonunda Avropada alyansın gələcəyi ilə bağlı narahatlıqlar artır. "Politico"nun Aİ rəsmilərinə istinadla verdiyi məlumata görə, Avropa ölkələri artıq NATO xaricində genişləndirilmiş təhlükəsizlik əməkdaşlığını müzakirə edirlər. Bir diplomat alyansın iflic vəziyyətində olduğunu və hətta son zamanlar görüşlər belə keçirə bilmədiyini deyib, digər Aİ rəsmisi isə "artıq tamamilə aydındır: NATO dağılır" deyə qeyd edib və əlavə edib ki, Avropa təcili olaraq öz müdafiəsini gücləndirməlidir./azpolitika.info